Bahar Muradova: "Azərbaycanda dini tolerantlıq siyasi yanaşmalarda da büruzə verir"
"Azərbaycanda dini və etnik tolerantlığın bir neçə aspektdə əsasları mövcuddur". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda dini tolerantlıqla bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
B. Muradovanın sözlərinə görə, onlardan biri tarixi aspektdir: "Azərbaycanın bir neçə minilliyə söykənən tarixinə nəzər saldıqda görəcəyik ki, bu ərazidə yaşayan insanlar etnik və dini kimliyindən asılı olmayaraq, bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Kənardan bizə yeridilən bir sıra münaqişələr, etnik və dini münaqişələr, ərazi iddiaları, təcavüz aktları bizi bir-birimizə qarşı qisas hissi ilə yaşamağa vadar etməyib, əksinə bu durumdan çıxmağın birgə yollarını axtarmağa çalışmışıq. Uzun minilliklər ərzində yaşadığımız bu tarixin ən müxtəlif mərhələlərində insalığımızı, bəşər övladı olduğumuzu anlamağı qoruyub saxlaya bilmişiksə, ilk növbədə, öz xarakterimizə, öz milli kimliyimizə borcluyuq. Azərbaycan modelinin ikinci mühüm aspekti milli əsasdır. Azərbaycan burada yaşayan bir sıra müxtəlif millətlərə aiddir, amma aparıcı millət, xalq azərbaycanlılar olub və onların xarakteri, onların milli kimliyi, tolerantlığı və dözümlülüyü burada birgə yanaşı yaşayan digər xalqları da bu ənənələri, dəyərləri qoruyub saxlamağa vadar edib. Odur ki, burada milli əsaslar üzərində heç zaman qarşıdurmalar olmayıb"
Azərbaycan modelinin üçüncü aspektinin dini aspekt olduğunu dilə gətirən vitse-spiker qeyd edib ki, Azərbaycanda yaşayan əhalinin 96%-i İslam dininə sitayiş edir: "Digərləri müxtəlif dinlərə aiddir. Amma burada kimdən soruşsanız, görəcəksiniz ki, heç kim ilk dəfə rastlaşdığı insanın milli və dini kimliyi ilə maraqlanmır, ona insan kimi yanaşır. Ondan da insani dəyərlərə görə özümüzə qarşı münasibət gözləmişik. Biz heç zaman insanları milli və dini kimliyinə görə fərqləndirməmişik. Bu, bizim üstünlüyümüzdür. Biz bununla fəxr edirik. Bu, bizim yaşayış tərzimiz, ifadə formamızdır".
O, bildirib ki, Azərbaycanda milli, dini dözümlülük və tolerantlıq özünü mütləq şəkildə siyasi yanaşmalarda da büruzə verir: "Azərbaycanda siyasi cəhətdən də tolerantlığın və dözümlülüyün ciddi əsasları var. Azərbaycan ərazisində tarixən mövcud olan bütün dövlətlər hər zaman dövlət quruculuğunun əsas prioritet istiqamətlərindən biri, burada yaşayan millətlərin, etnik qrupların, dini təmayülllərin birgə yanaşmasını təmin etmək olub. Azərbaycanın milli, dini, tarixi ənənələrini özündə əks etdirən dövlət sistemimiz var, hüquqi qanunverici bazamız və ən əsası ATƏT regionunda daim nümayiş etdirdiyimiz müstəqil siyasi iradəmiz vardır. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlüksəzlik şəraitində yaşamalıdır. Azərbaycan modeli də məhz budur. Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB