Bu gün APA kimi tanıdığımız Azəri Press Agentliyinin yaranmasından 10 il keçir. SİA-nın məlumatına görə, "Kempinski otel"də keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri, media kapitanları və digər rəsmi şəxslər iştirak edir.

İlk öncə, APA-nın yaranma tarixini əks etdirən film nümayiş etdirilib.
Daha sonra diqqətə çatdırılıb ki, APA 10 il ərzində Azərbaycan mediasında özünəməxsus yer tutub və uğurlu fəaliyyəti ilə həmkarlarını sevindirib. Bildirilib ki, APA mətbuatın bu qarmaqarışıq dönəmində etibarlı xəbər istehsal edən media orqanları sırasındadır. Qeyd edilib ki, qurum hər zaman çalışıb medianın "etibarlı mənbəli" xəbərlərindən bezən oxucularına etibarlı xəbər versin.
Qeyd edək ki, "Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və "on-line" sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB