Bakıda məntəqə seçki komissiyalarının üzvünə treninq keçiriləcək

Bakıda məntəqə seçki komissiyalarının üzvünə treninq keçiriləcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda MSK-nın 12 noyabr 2014-cü tarixli iclasının protokolu təsdiqlənib. MSK 2014-cü il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində aşağı seçki komissiyalarının üzvləri üçün treninqin təşkili məsələsini də müzakirəyə çıxarıb. Məsələ barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 17 noyabr - 20 noyabr tarixlərində 4 gün ərzində Bakıda məntəqə seçki komissiyalarının 30 min üzvünə treninq keçiriləcək. Daha sonra isə noyabrın 25-dən başlayaraq ölkə üzrə regionlarda məntəqə seçki komissiyalarının üzvlərinə treninqlər keçirilməyə başlanacaq.

İclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları ilə bağlı qərar da qəbul edilib. Seçki Məcəlləsinin tələbləri (bülletenlərin sayının seçicilərin sayından 3 faiz artıq olmamaqla, bələdiyyə üzvlüyünə namizədlərin adları, soyadları, partiya mənsubiyyətləri və s.) bələdiyyə seçkiləri ilə bağlı 4 milyon 976 min 302 ədəd seçki bülleteni Milli Məclis Aparatının mətbəəsində çap olunaq. Qərar dərc edildiyi gün – noyabrın 15-də qüvvəyə minir.

MSK bələdiyyə seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri də qeydə alınıb. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə