Hikmət Babaoğlu: “Ermənistan Minsk qrupunun həmsədrləri tərəfindən qınanılmalıdır” AÇIQLAMA
"Hesab edirəm ki, Ermənistanın Azərbaycana yönəlik bütün təxribatçı hərəkətləri şantajın primitiv formalarından biridir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu ermənilərin cəbhədə hərbi təlimlər zamanı təxribatçı hərəkətlərinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Fransa prezidenti Fransu Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə reallaşan Paris görüşündə indiyədək səsləndirilməyən bəzi yeni fikirlər səsləndirildi: "Təbii ki, bu fikirlərin də əsasını "Böyük Sülh Sazişi"nin bağlanması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sona çatması təşkil edirdi. Amma çox təəssüf ki, rəsmi Yerevan bundan imtina edərək, dərhal işğal olunmuş Azərbaycan torpaqlarında 40 minlik ordu ilə hərbi təlimlər keçirdi. Əslində bu, ermənilərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında maraqlı olmadığını göstərən hadisə idi. Bu mənada ön cəbhə xəttində Azərbaycan əsgərlərinin mövqeyinin pozulması və cəbhə xəttində ermənilərin hücuma keçərək mövqelərimizi atəşə tutması bir daha Ermənistanın təxribat törətmək cəhdləri kimi qiymətləndirilməlidir".
H.Babaoğlu hesab edir ki, bu, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qınanılmalıdır: "Amma çox təəssüf hələ ki, biz bunun şahidi olmuruq. Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin mətbuat xidmətinin səsləndirdiyi fikirlərdə biz problemi, hadisəni yaradan səbəblərin aradan qaldırılmasını deyil, sadəcə atəşkəs rejiminin qorunması ilə bağlı fikirlər eşdirik. Əlbəttə ki, bu, təəssüf doğurmaya bilməz. Heç kimə sirr deyil ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Belə olan halda Azərbaycan ictimaiyyətinin gözlədiyi mövqe ABŞ-ın Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli olduğunu deməsidir. Təəssüf ki, biz bunun şahidi olmadıq. Azərbaycan ordusu layiqli şəkildə Ermənistanın təxribatçı hərəkətlərinə yönəlik cavabını verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB