“Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” YENİLƏNİB

“Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” YENİLƏNİB

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik" mövzusunda gənclər üçün treninq keçirib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı, millət vəkili Nizami Cəfərov, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov və digər şəxslər iştirak edib.

DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək deyib ki, biz bu kimi tədbirlərimizi davam etdirəcəyik: "Məqsəd gənclərlə görüşərək milli-mənəvi dəyərlərimiz barədə fikir mübadiləsi aparmaqdır. Burada ölkədə və dünyada təhsil alan gənclərimiz də iştirak edir. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz tariximizi diqqətlə öyrənməli və gələcəyimizi müəyyənləşdirməliyik. Bizim də əsas hədəfimiz dövlətimizi gücləndirmək və onu inkişaf etdirməkdir".

M.Qurbanlı həmçinin bildirib ki, radikal cərəyanlarla mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür:"İslam dini bizim dinimizdir. Biz radikal cərəyanların ölkəmizə ayaq açmasına imkan verməməliyik. Təbii ki, bu sahədə siz gənclərin də üzərinə böyük məsuliyyət düşür".

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib ki, bu cür tədbirlərin keçirilməsi vacibdir: "Bu gün biz olduqca mürəkkəb dünyada yaşayırı və dünya mürəkkəb risklərlə doludur. Biz isə buradan çıxış yolları axtarırıq. Bugünkü dünyada zahirən şirin görünən müxtəlif çağırışlar var. Lakin onlara uymaq, inanmaq lazım deyil. İslam dəyərləri əlimizdən alınarsa, biz yavaş-yavaş bir heç olarıq. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev İslami dəyərlərə hər zaman böyük önəm verib. Biz İslamda dönüş yaratmalıyıq və hər an onu uca tutmalıyıq. Qurani-Kərimin kəlamları bütün məclislərdə Azərbaycan xalqına deyilməlidir".

Millət vəkili Nizami Cəfərov diqqətə çatdırıb ki, üç məqamı - tarixilik, varislik və müasirliyi dəqiq müəyyənləşdirməliyik: "Birinci hər zaman xalqın adət-ənənəsi əsas tutulur. İkincisi əxlaqdır. Burada insanın həyatı, şəxsiyyəti mühüm rola malikdir. Bu mənada adət-ənənə ilə əxlaq bir-birini əks etdirir. Üçüncü isə dindir. Əgər bir millət öz eposunu yaradırsa, demək onun dini var. Milli-mənəvi dəyərlər eyni zamanda incəsənətə, mədəniyyətə, şəxsiyyətin azadlığına və s. aiddir. Bu gün milli şürumuz dövlətçilik şüuruna tam uyğun gəlmir".

Daha sonra digər çıxış edənlər də milli-mənəvi dəyərlərimizin qorunmasını və təbliğini vacim amil kimi qiymətləndiriblər.

Tədbir diskussiya şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə