3-5 noyabrda Azərbaycanda keçirilən "Türkiyə həftəsi" çərçivəsində bu gün ADA Universitetində "Azərbaycan-Türkiyə Münasibətlərində Siyasi Təhlükəsizlik Aspektləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, konfransda ilk çıxış edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov hər iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu gün həmçinin Azərbaycan İqtisad Universitetində də "Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə təsiri" mövzusunda dəyirmi masa keçirilir.
Daha sonra çıxış edən Türkiyənin XİN SAM-ın direktoru Əli Rəsul Üsul hər iki ölkənin əlaqələrini 4 istiqamətdə dəyərləndirib: "Onu da qeyd edim ki, ölkələrimizin əlaqələri hazırda öz qızıl dövrünü yaşayır. Prezident R. T. Ərdoğanın seçkilərdən sonra ilk rəsmi səfərini Bakıya etməsi buna misaldır. Səfər ənənəvi xarakter daşısa da, bunun xüsusi əhəmiyyəti var. Eyni zamanda əlaqələr strateji baxımdan da yüksək xətlə inkişaf edir".
O, həmçinin iki ölkə arasındakı beynəlxalq səviyyədə münasibətlərə diqqət çəkərək, Azərbaycan və Türkiyənin ən çətin zamanlarda bir-birlərinə dayaq olduqlarını qeyd edib: "Azərbaycanın yüksəlməsi həm də Türkiyənin yüksəlməsidir. Təbii ki, mövcud inkişafla kifayətlənmək olmaz. Belə ki, münasibətlərin daha da inkişaf etməsi üçün strateji hədəfləri müəyyənləşdirmək lazımdır".
Türkiyənin XİN SAM-ın direktoru R. Üsul onu da əlavə edib ki, gələn il üçün bir sıra mühüm iqtisadi layihələr gerçəkləşdiriləcək: "2015-ci ildə Bakı Tbilisi Qars dəmir yolu kimi iri layihələrin həyata keçirilməsi nəzərdə tutulub".
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov isə vurğulayıb ki, hər iki ölkənin qədim tarixə söykənən münasibətləri mövcuddur: "Ən çətin zamanlarda daim bir-birimizin yanında olmuşuq. Azərbaycanın regionda güclü dövlət olması Türkiyənin dünya siyasətində nüfuzunun artmasına töhfə verir".
O, eyni zamanda Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması məsələsinə toxunaraq, BMT-nin qəbul etdiyi mövcud 4 qətnamənin, eləcə də bir sıra beynəlxalq təşkilatların adıçəkilən problemlə bağlı qəbul etdiyi sənədlərin işğalçı ölkə tərəfindən icra olunmadığını vurğulayıb. T. Qurbanov həm də Türkiyənin bu məsələdə ədalətli mövqe sərgiləməsini müsbət dəyərləndirib.
Dəyirmi masa mövzu ətarfında müzakirələrlə davam edib.
Əlavə edək ki, səfərin ikinci günü hər iki tərəfin nümayəndə heyəti Qəbələ şəhərində "Azərbaycan-Türkiyə münasibətləri: imkanlar və çağırışlar" mövzulu dəyirmi masada iştirak edəcək və daha sonra qonaqlar Ağdam şəhərinə səfər edəcəklər.
Qeyd edək ki, "Türkiyə həftəsi" noyabrın 5-də mətbuat konfransı ilə yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB