Azər Ayxan: “İqtidara işləmək mövzusunda danışılanda, gərək Fuad Qəhrəmanlı başını aşağı salsın” EKSKLUZİV
"Hansı ünvana, iqtidaramı, müxalifətəmi yoxsa xarici dairələrəmi işləməyimiz göz önündədir. Elin gözü tərəzidir". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redkatorunun müavini Azər Ayxan adıçəkilən saytda Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin və onun müavini Fuad Qəhrəmanlının kəskin tənqidinə şərh verərkən deyib.
Qəzet rəsmisi vurğulayıb ki, o və digər qəzet təmsilçiləri təmsil etdiyi gündəlik yazılı orqanda hansı mövqedə olduqlarını sərgiləyiblər: "Biz oxucuya işləyirik, "Azadlıq" qəzeti kimi Əli Kərimlinin maraqlarına deyil. "Yeni Müsavat" partiya sədrinin maraqları çərçivəsində var-gəl etmir. Qəzetimizin səhifələri bütün siyasi düşərgələrin üzünə açıqdır. İstər iqtidar olsun, istərsə də müxalifət. Kim "Yeni Müsavat" qəzetinə müraciət edirsə, biz həmin adamların özünü bu və ya digər formada təqdim etmələri üçün şərait yaradırıq. Amma gəlin görək, Əli Kərimlinin və onun çevrəsinin nəzarətində olan "Azadlıq" qəzeti bunu edərmi? Əsla! Burada alternativ fikir görmürəm".
Azər Ayxan qeyd edib ki, "Azadlıq" qəzetinin çalışdırıcıları, eləcə də AXCP rəhbərliyi hansısa iqtidar nümayəndəsinin müsahibəsinin, açıqlamasının "Yeni Müsavat" qəzetində və ya saytında dərc olunmasını iqtidara işləmək kimi anlayırsa, elə də başa düşsünlər: "Bu, ancaq gerizəkalılıq, siyasi korafəhimlik əlamətidir. Onların anladıqları bura qədərdir. İqtidara işləmək mövzusunda danışılanda, gərək Fuad Qəhrəmanlı başını aşağı salsın. Çünki 2011-ci ildə müsavatçılar - Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli həbs olunanda, Fuad Qəhrəmanlı dini maddə ilə ittiham edilirdi. Amma nədənsə onlar həbs edildi, Fuad Qəhrəmanlı isə həbsdən qorundu. Bunun özü çox şey demək deyilmi? Rauf Arifoğlu iki dəfə həbsdə olub. Mən dəfələrlə müxtəlif formada ittiham olunmuşam. Yəni hər şey ortadadır. Bu o qədər də uzaq keçmiş deyil ki, unudaq".
"Vətənə xəyanət, xalqa xəyanət etməklə ən böyük təhqiri "Azadlıq" qəzeti edib" -deyə vurğulayan Azər Ayxan son olaraq Fuad Qəhrəmanlıya bu cür müraciət edib: "Sən mənim yazdığım kimi yazmalısan, mənim düşündüyüm kimi danışmalısan demək təhqir deyilmi? Təhqirin başında qoz ağacı olmur. Bunlara illərdir baş qoşmadıq, cavab vermədik amma gördük ki, hədlərini bilmirlər. İndi də onların öz dilində, anlayacaqları dildə cavab veririk".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB