“İŞİD” və dini sektaların zərərli fəaliyyətinin mətbuatda işıqlandırılmasına ehtiyac var? SORĞU

“İŞİD” və dini sektaların zərərli fəaliyyətinin mətbuatda işıqlandırılmasına ehtiyac var? SORĞU

Son zamanlar Azərbaycan mətbuatında radikal dini cərəyanlar, o cümlədən özünü "İraq Şam İslam Dövləti" (İŞİD) adlandıran terror təşkilatları ilə bağlı bir sıra təbliğat xarakterli yazılar dərc edilməkdədir. Mediamızın bunu bilərəkdən və ya bilməyərəkdən etdiyini demək çətindir. Ancaq reallıq budur ki, belə yazılar dərc edilir. SİA "İŞİD" və radikal dini sektaların zərərli fəaliyyətinin mətbuatda işıqlandırılmasına ehtiyac varmı sualı ilə ölkənin aparıcı media orqanlarının rəhbərlərinə müraciət edib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

- İlk növbədə "İŞİD" adına münasibətdə Azərbaycan mətbuatı həssaslıq nümayiş etdirməlidir. "İŞİD"-lə bağlı Azərbaycan Respublikasının dövlət orqanlarının rəsmi mövqeyi bəllidir. "İŞİD" bir terror təşkilatıdır, beynəlxalq hüququn subyekti deyil və heç kəs tərəfindən tanınmayıb. Biz "İŞİD" sözünü istifadə etdikdə onun legitimliyini qəbul etmiş oluruq. Ona görə də bu sözün qarşısına hökmən müəyyən epitetlər yazılmalıdır. Ya qondarma "İŞİD", ya "İŞİD" terror təşkilatı və s. Çox təəssüf ki, Azərbaycan və dünya mətbuatı bu məsələyə həssas yanaşmır. "İŞİD" terror təşkilatı ilə bağlı xəbərlər Azərbaycan mətbuatına xarici mediadan daxil olduğuna görə, xarici medianın səhvlərini təkrarlayırıq. Hesab edirəm ki, bu məsələdə diqqətli olmaqda fayda var.

Bu məsələdə cəmiyyətin maarifləndirilməsinə ehtiyac var

"İŞİD" terror təşkilatının Azərbaycana olan münasibətlərin gəlincə isə ölkəmizdə müəyyən dini sektalar var və onların zərərli fəaliyyəti Azərbaycan ictimaiyyətinə bəllidir. Güman ki, "İŞİD" terror təşkilatının burada informatorları var və məqsədyönlü məlumatlar yaya bilirlər. Ancaq heç bir halda "İŞİD" terror təşkilatının Azərbaycandakı fəaliyyətini təşkilatlanmış, təhlükəli bir fəaliyyət kimi qiymətləndirə bilmərik. Çünki, onlar Azərbaycanda o qədər də güclü deyillər. Əminik ki, Azərbaycan hüquq mühafizə orqanları bizim bildiyimiz və ya bilmədiyimiz ciddi tədbirlər həyata keçirirlər. Ona görə də informasiya müstəvisindəki bu manipulyasiyada Azərbaycan mətbuatı iştirak etməməlidir. "İŞİD" terror təşkilatı və digər dini sektaların zərərli fəaliyyəti ilə bağlı informasiyaları yayarkən diqqətli olmaq lazımdır. Bu məsələdə analitik jurnalistikanın üzərinə böyük vəzifələr düşür. Bu janrdan istifadə edən ayrı-ayrı mətbuat orqanları var. Onlar bir neçə mənbədən alınmış dəqiq informasiyalar əsasında ictimai maarifləndirməyə xidmət edəcək analitik yazılar yazmalıdırlar. Çünki, bu gün "İŞİD" terror təşkilatının kimlər tərəfindən yaradılması, hansı məqsədə xidmət etməsi, fəaliyyətinin əsas istiqamətləri bir çox dairələrdə bilinir. Amma bəzi məqamlar bir qədər qaranlıqdır. Ona görə də bu məsələdə cəmiyyətin maarifləndirilməsinə ehtiyac var və Azərbaycan mətbuatı bəzi məsələlərə aydınlıq gətirməlidir. Hesab edirəm ki, Azərbaycan oxucusunda "İŞİD" terror təşkilatı haqqında müəyyən təsəvvür yarandıqdan sonra ona gizli rəğbət bəsləyə biləcək ayrı-ayrı sekta nümayəndələri də öz mövqelərindən daşına bilər. Ona görə də bu məsələdə Azərbaycan hüquq mühafizə orqanları ilə yanaşı, milli mətbuatımızın da üzərinə böyük vəzifələr düşür.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:

Mətbuatın ən doğru yanaşması "İŞİD"-in bir faşist cərəyanı olaraq fəaliyyətinin bəşəriyyət üçün təhlükəli olduğunun mahiyyətini göstərən informasiyalar yaymaqdan ibarət olmalıdır

- "İŞİD"-lə bağlı Azərbaycan mətbuatında xeyli vaxtıdır ki, mütəmadi paylaşılan məlumatlara rast gəlirik. Müasir dövrün ən təhlükəli və ziyanlı fenomeni olaraq "İŞİD"-in mətbuatın diqqət mərkəzində olması təbii haldır. Azərbaycan mətbuatında "İŞİD"-lə bağlı gedən yazıların xarakter etibarı ilə monitorinqini aparmamışam. Yəni onu sertifikatlaşdırmaq, təsnifatlaşdırmaq fikrində olmamışam. Qabartdığınız məsələ mənim də diqqətimi cəlb etdi. Həqiqətən "İŞİD"-lə bağlı informasiyalar terror təşkilatı olaraq təbliğatına, cəlbediciliyinin artırılmasına, gənclərin bu təşkilata cəlb olunması prosesinə gizlin dəstək vermək məqsədi daşıyırsa, bu çox təhlükəlidir. Amma fikrimcə ən doğru yanaşma "İŞİD"-in bir faşist cərəyanı olaraq fəaliyyətinin bəşəriyyət üçün təhlükəli olduğunun mahiyyətini göstərən informasiyalar yaymaqdan ibarət olmalıdır. Çünki, insanlar bunun nə qədər dəhşətli bir bəla olduğunun fərqinə varmalıdırlar. Azərbaycan mətbuatında bu terror təşkilatının gizlin reklamı prosesi gedirsə, bunun mətbuatda qaldırılması çox gərəklidir. Həmçinin bu məsələ Azərbaycan hüquq mühafizə orqanlarının da diqqətini cəlb etməlidir. Çünki, gizli və ya aşkar şəkildə müharibə təbliğatı aparmaq, ədavəti qızışıdırmaq, insanlar arasında etimadı parçalamaq və bu yönümdə olan təbliğatlara konstitusiyamızda qadağa qoyulub. Əgər "İŞİD"-in Azərbaycanda gizli təbliğatı aparılırsa, bu konstitusiyamızla daban-dabana ziddir. Ona görə, dövlət orqanları da bu məsələ ilə ciddi məşğul olmalıdır.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli:

- Ümumiyyətlə ciddi mətbuatda gedən məlumatların hər biri peşəkar səviyyədə və jurnalistlərin peşə davranış kodekslərinə uyğun şəkildə olmalıdır. Bu mövzulara isə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Birinci növbədə ksenofobiya halına getmək lazım deyil. Yəni kimisə dini inancına görə təhdid etmək, alçatmaq peşə qaydalarına uyğun deyil və belə materialların dərc edilməsinə də yol vermək olmaz.

Media zərərli ideoloji xətləri təbliğ etməli deyil

Digər bir məsələ isə bu mövzuda yazan jurnalistin tərəf tutması, xəbər və şərhin bir-birinə qarışdırılmasıdır. Bu da yolverilməzdir. Bunların hər biri peşə davranış qaydaları ilə tənzimlənən məsələlərdir və media zərərli ideoloji xətləri təbliğ etməli deyil.

"Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev:

Reytinq arxasınca qaçanlar anlamalıdırlar ki, virtual şəbəkədə göndərilən açıq və gizli məlumatları alan insanlardır

- Bu məsələyə iki rakursdan nəzər yetirmək olar. Birinci, bunlar kimdir? Nə üçün yaranıb? Mənəvi, psixoloji təsir imkanaları nə qədərdir? İkinci isə reytinq üçün onların başkəsmə videolarını virtual aləmdə yayımlamaq. Birinci halda bunu izah və analiz kimi vermək olar. İkinci hal isə yolverilməzdir. Bu gün sosial şəbəkələrdə yer alan söyüşlər, təhqirlər və nalayiq ifadələrə görə cəza tədbirləri nəzərdə tutulmayıb deyə münasibət birmənalı deyil. Reytinq arxasınca qaçanlar anlamalıdırlar ki, virtual şəbəkədə göndərilən açıq və gizli məlumatları alanlar insanlardır. Bu gün "İŞİD"-in baş kəsməsini göstərmək, dini sektaların fəaliyyətini şişirdib cəmiyyətə car çəkmək insanlara psixoloji təsir edir. İnsanların fikirlərini, xəyallarını başqa səmtə yönəldir, bu "təşkilatlar" qarşısında acizliyini, zəifliyini göstərir. Ən başlıcası odur ki, virtual həyatda real həyatın mənəvi dəyərlərini unudurlar. Virtual şəbəkədə insani münasibətlərindəki qanunları, mənəvi normaları pozmaq olmaz. Məhz bu baxımdan dini sektalar, terror təşkilatları haqqında məlumatlar verilərkən götür-qoy edilməlidir. Çünki reytinq üçün belə məlumatları vermək qeyri-qanunidir. Bu gün sosial şəbəkələr Azərbaycan əhalisinin 65-70 faizini əhatə edir. Bunun da müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, istənilən vaxt hər bir kəs məlumat əldə edə bilir. Mənfi cəhət isə odur ki, virtual münasibətlər insan həyatının real münasibətlərini sıxışdırıb aradan çıxardır. Yəni, terror təşkilatlarının da birinci məqsədi psixoloji təsirdir ki, biz varıq. İstəməzdim ki, reytinq üçün virtual şəbəkə bundan istifadə etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə