Qalib Ağayev: “Çox istərdim ki, gücümüzü bir yerdə göstərək” RƏY

Qalib Ağayev: “Çox istərdim ki, gücümüzü bir yerdə göstərək” RƏY

"Moskva vilayəti təşkilatı olaraq Rusiyanın bir sıra vilayətlərində fəaliyyət göstəririk. Fəaliyyətimizin əsas istiqaməti Azərbaycanı tanıtmaq, azərbaycanlıların hüquqlarını qismən də olsa qorumaqdır". Bu fikirləri SİA-ya açıqlamasında Moskva vilayəti azərbaycanlılarının regional milli muxtariyyət təşkilatının sədri Qalib Ağayev diasporaların fəaliyyətlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Diaspora quruculuğu ölkəmizdə yeni olduğu üçün, kimlərisə qane etməyə bilər: "Onların təşkilatı var gücü ilə Azərbaycançılıq uğrunda fəaliyyət göstərir. Amma biz var gücümüzlə çalışırıq ki, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdıraq, üzərimizə düşəni lazımi şəkildə həyata keçirək. Çox istərdim ki, gücümüzü bir yerdə göstərək. İstər Rusiyada, istərsə də digər ölkələrdə diaspora təşkilatlarının inkişaf etməsi, tanınması üçün müxtəlif səpkili tədbirlərin keçirilməsi vacib şərtlərdəndir. Sevindirici haldır ki, Rusiyanın müxtəlif vilayətlərində təşkilatımızın 17 nümayəndəliyi fəaliyyət göstərir. Bizim tədbirlərdə AMOR, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri və bir sıra təşkilat rəhbərləri iştirak edir. Çalışırıq ki, Azərbaycanın dövlət xadimləri, mədəniyyət nümayəndələri haqqında tədbirlər təşkil edək".

Qalib Ağayev müəyyən çətinliklərin də olduğunu istisna etməyərək bildirib ki, bunun müəyyən səbəbləri var: "Amma təəssüf ki, Rusiyada ümumi şəkildə iş görə bilmirik. Bu da bu sahədə fəaliyyətimizə mane olur. Bəzi məsələlər var ki, onu ümumi diaspora şəklində Dövlət Dumasına çatdırmaq lazımdır. Bunu isə edə bilmirik. Ümüdvaram ki, gələcək illərdə Rusiyada fəaliyyət göstərən təşkilatlar Azərbaycanın haqq səsini Rusiyanın müvafiq qurumlarına, o cümlədən dünyaya çatdıracaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə