Elman Nəsirli: “Fransanın əsas niyyətlərindən biri, məhz bu idi” AÇIQLAMA

Elman Nəsirli: “Fransanın əsas niyyətlərindən biri, məhz bu idi” AÇIQLAMA

"Hesab edirəm ki, bu görüş çərçivəsində əldə edilmiş razılaşmalar ona xidmət edir ki, atəşkəs qorunub saxlanılsın və hərbi insidentlərdən imtina edilsin". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Parisdə Fransa Prezidenti Fransua Olland ilə üçtərəfli görüşünü şərh edərkən deyib.

Siyasi ekspertin sözlərinə görə, heç şübhəsiz ki, bu görüş çərçivəsində atəşkəsin qorunub saxlanılmasına və hərbi insidentlərdən imtina edilməsinə dair razılaşma əldə olunub: "Xüsusilə də həmin görüşdə əsas məsələlərdən biri mülki şəxslərin əsir götürülməsi və bu sahədə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi ilə əsir götürülən şəxslər haqqında tərəflərin bir-birinə qarşı məlumat mübadiləsi aparması ilə bağlı idi. Bu sahədə razılığın əldə edilməsi isə xüsusi təqdirəlayiq haldır. Bundan başqa Fransa tərəfinin əsas niyyətlərindən biri o idi ki, Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli ilə bağlı səyləri daha da instensivləşdirsinlər. Bu o deməkdir ki, prezidentlər bir-biri ilə daha çox görüşsün və ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri mütəmadi olsun. Fransanın əsas niyyətlərindən də biri, məhz bu idi".

Elman Nəsirli hesab edir ki, burada ən maraqlı məqam status-kvonun qəbuledilməz olduğu, yəni dəyişilməsinin vacibliyinin önə çəkilməsi idi: "Amma bütövlükdə danışıqlar prosesinə qiymət verərkən hesab edirəm ki, Fransa prezidenti Böyük Sülh Sazişinin təklif edilməsi ilə bağlı prosesin başladılmasının vacibliyini qeyd edir. Düşünürəm ki, bu bizim üçün olduqca əhəmiyyətli məsələdir. Azərbaycan tərəfi Paris danışıqlarına da, məhz bu ideya ilə getmişdi. Amma Ermənistan tərəfinə görə ən ümdə məsələ Böyük Sülh Sazişinin hazırlanmasının təklif edilməsi deyil, əsas problemin həlli ilə bağlı prinsiplərin müəyyən edilməsidir. Prinsipə gəldikdə isə onlar ilk növbədə, millətlərin öz müqəddəratını təyinetmə məsələsini ön plana çəkirlər. Hesab edirəm ki, Fransa prezidenti bu baxımdan Azərbaycanın mövqeyini müdafiə edib".

Bütün xəbərlər Facebook səhifəmizdə