“Təşkilatdaxili məsələləri nizama salmaq partiya rəhbərinin borcudur” AÇIQLAMA

“Təşkilatdaxili məsələləri nizama salmaq partiya rəhbərinin borcudur” AÇIQLAMA

"İndiki mərhələdə Müsavat Partiyasından istefa verənlərin piket keçirəcəklərini güman etmirəm. Kiminsə Müsavatın qərargahı qarşısında piket keçirmək niyyəti varsa, buyursun! Partiyada bütün haqlar qorunur, demokratiyadır". Bu fikirləri SİA-ya başqanlığa keçmiş namizəd, Müsavat Partiyasının eks-Divan üzvü Tural Abbaslı narazı müsavatçıların partiyanın qərargahı önündə haqqlarını tələb etmək üçün piket keçirmək iddialarına münasibət bildirərkən deyib.

Lakin buna baxmayaraq, bu addımın atılacağı zaman buna qadağa qoymağa kimsənin ixtiyarı olmadığını deyən Tural Abbaslı eyni zamanda bildirib ki, əgər kiminsə şikayəti varsa, piket keçirmək yerinə partiya rəhbərliyinə müraciət etməlidir: "Heç kim heç kimə nəyisə qadağan etmir. Ancaq hansısa bir şikayətləri varsa, partiya rəhbərliyinə müraciət edə bilərlər. O cümlədən partiya rəhbərinin borcudur ki, təşkilatdaxili məsələləri nizama salsın, şikayətçiləri dinləsin. Əgər şikayətlərə zamanında baxılmayıbsa, tələb etmək onların hüququdur. Şikayətə bəlli bir müddətdə cavab verilməlidir. Əks təqdirdə istədikləri addımı ata bilərlər".

Tural Abbaslı Məclis üzvlüyünə seçkilərdə ilk siyahıda adının olmamasına da münasibət bildirib. Müsavat funksioneri bununla bağlı deyib ki, partiyasının prosedur qaydalarına görə, Divana seçilmək üçün əvvəlcə Məclisə seçilməlisən: "Nə qurultayda, nə də sonra Məclisə seçilə bilmədim. Bu dəfəki Divan seçkilərində namizədliyimi irəli sürə bilmərəm. Çünki bu seçkiyə ancaq Məclis üzvləri qatılacaq. Məclisə seçilə bilsəm, o zaman Divana üzv olmağı düşünərəm. Lakin bütün bunlara rəğmən, mənim partiyada heç bir ada, statusa ehtiyacım yoxdur. Mən sıravi şəkildə də öz siyasi fəaliyyətimi davam etdirməyə hazıram".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə