Oktyabrın 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xəlifə Məhəmməd Əl-Qaflini qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonağı salamlayan nazir BƏƏ-nin müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Daha sonra DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra həyata keçirilən islahatlar, sabitlik və əmin-amanlığın bərpa edilməsi, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları üçün normal şəraitin yaradılması barədə məlumat verilib.
2007-ci ilin sonlarında BƏƏ-yə səfərini xatırladan daxili işlər naziri Azərbaycan tərəfinin iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu, bu görüşün əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.
Səfir S.X.Məhəmməd Əl-Qafli səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, bundan sonrakı fəaliyyəti dövründə də ikitərəfli əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB