Seymur Orucov: “Bu dövlətin əleyhinə getmək nankorluqdur"

Bu həm də digər müxalifətçi gənclər üçün dərs ola bilər
Seymur Orucov: “Bu dövlətin əleyhinə getmək nankorluqdur"

Məlum olduğu kimi Azərbaycan respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə hümanizm addımı ataraq 84 nəfərin əfv edilməsi haqında sərəncam imzaladı. Əfv edilənlər sırasında müxalfətin təsiri altına düşərək bir sıra pozuculuq aktları törətməyə cəhd etmiş "NİDA"çı gənclər də oldu. Onlar azadlığa cıxdıqdan sonra səhvlərini etiraf etmiş və bir daha dövlətçiliyə yönələn proseslərdə iştirak etməyəcəklərini bildirmişlər. Söhbət etdiyimiz müsahiblərimiz əfv edilən "NİDA"çı gənclərin etiraflarından hələ də səhv yolda olduqlarını başa düşməyin dügər müxalifət sıralarında olan gənclərin də nəticə çıxaracaqlarını ehtimal etdiklərini söylədilər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov: "Bu dövlətin, bu hökümətin əleyhinə getmək nankorluqdur, naşükürlükdür"

- Bu gün müstəqil Azərbaycan gənclərinin 200-dən artıq QHT-də birləşməsi, gənclər təşkilatlarının 30-dan artıq beynəlxalq gənclər qurumlarında təmsil olunması və 2007-ci ilin "Gənclər ili" elan edilməsi gənclərə daim diqqət və qayğının göstəricisidir. Azərbaycan günbəgün yeniləşir, müasirləşir. Məhz yeniləşən Azərbaycanın müasir siyasətinin düzgün qurulmasında, təbliğində YAP gənclərinin rolu əvəzsizdir. İstər ölkəmizdə, istərsə də xaricdə keçirilən beynəlxalq konfranslarda biz hər zaman gənclərin yeniliyə, müasirliyə daha meyilli olduğunu önə çəkərək, yeni dövrün əsas çağırışı kimi onların potensialından səmərəli istifadənin vacibliyi bildirmişik. Əgər ötən əsrin 70-80-cı illərində minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alırdısa, bu gün ölkəmizdə gənclərin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsində mühüm rol oynayan bir sıra ali elm ocaqları fəaliyyət göstərməkdədir. Buna misal olaraq Azərbaycan Diplomatiya Akademiyası, Ali Neft Akademiyasını göstərmək olar ki, burada çox yüksək elmi potensiala malik tələbələr oxuyurlar. Gənclərlə bağlı ölkə rəhbərliyi tərəfindən qəbul edilən bir sıra Dövlət Proqramları gənclər siyasətini daha da inkişaf etdirməyə, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmağa, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edir. Gənclərimizin hər biri böyük qürur hissi ilə deyə bilər ki, onlar artıq müstəqil Azərbaycanın vətəndaşlarıdır. Əldə olunan uğurları nəzərə almaq istəməyən bir sıra dağıdıcı müxalifət partiya liderıərinin təsiri altında olan gəncləri dövlətçiliyə, elmə, düzgün ideologiyaya çağırıram. Bu dövlətin, bu hökümətin əleyhinə getmək nankorluqdur, naşükürlükdür. Nə qədər ki, gec deyil bu yoldan əl çəkmələrini istərdik. Düzdür bu gənclərin sayı azdır, amma istərdik sayları sıfıra ensin. "NİDA"-çı gənclərin nəhayət ki, səhvlərini etiraf etmələrini müsbət qiymətləndirirəm. Onlar başa düşdülər ki, Azərbaycanı istəməyən, anti-Azərbaycan əleyhinə daim savaşan bəzi qüvvələr bu gənclərdən yalnızca maşa kimi istifadə etdilər. Verilən vədlər, mənasız fikirlərin hamsının ağ yalandan başqa bir şey olmadığını dərk etdilər. Hər bir gənc bir vətəndaş, bir ailə, gələcək nəsil deməkdir. Azərbaycanın gələcəkdə daha da güclü olması üçün, inkişafı üçün savadlı gənclərimizn sayı nə qədər çox olsa o qədər də, güclü olacağıq".

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı: "Əfv edilən "NİDA"-çı gənclərin timsalında bütün müxalifətyönlü gəncləri proseslərə düzgün yanaşmağa, doğru yola dönməyə səsləyirəm"

- Azərbaycan gənclərinin cəmiyyətdə müasir, intellektli aparıcı qüvvə kimi formalaşmasında Ulu Öndər Heydər Əliyev siyasəti, dəstixətti dayanır. Dahi Şəxsiyyət hər zaman sağlam düşüncəli gəncliyin yetişdirilməsində maraqlı idi və bunu dövlətin vacib siyasəti hesab edirdi. 1992-ci ildə yaranan Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Ulu Öndərin gənclərə diqqət və qayğısından qaynaqlanır. Ümummilli Lider YAP sıralarında gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirirdi. Bu gün bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. YAP gənclərin öz potensiallarını ortaya qoymaq üçün bir meydana çevrilib. Onlar YAP sıralarına qoşulmaqla, dövlətə və dövlətçiliyə sadiq qaldıqlarını təsdiqləmiş olurlar. Gənclərimiz ictimai həyatın bütün sahələrində istər siyasət, iqtisadiyyat, istərsə də idman sahəsində aktivlikləri ilə seçilirlər. "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından yararlanaraq, gələcəklərini düzgün qurmağa çalışırlar. Bu baxımdan da, gənclərimizin həyatında müsbət dəyişikliklər özünü göstərməkdədir. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın. İqtidar üçün müxalifət gənci deyilən bir anlayış mövcud deyil. Ölkəmizdə hər bir gəncə eyni yanaşılır, eyni aspektdən baxılır. Belə olmasaydı bir sıra radikal müxalifətçilərin qızışdırmasına uyaraq ölkədə iğtişaşlar, qarşıdurmalar yaratmağa çalışan bir qrup "NİDA"-çı gənc barəsində humanist addım atmazdı. Əvf edilən "NİDA"-çı gənclərin timsalında bütün müxalifətyönlü gəncləri proseslərə düzgün yanaşmağa, doğru yola dönməyə səsləyirəm. Əgər həyatlarında müsbət irəlləyişə nail olmaq istəyirlərsə, o zaman təhsilə, elmə yiyələnsinlər, dövlətin qayğısından bəhrələnsinlər. Radikal müxalifyönümlü insanlara aid olduqlarını, qərəzli məqsədlərdən qaynaqlandıqlarını etiraf edən gənclər bu gün deyil, öncədən səhvlərini etiraf etməli, doğru yola dönməli idilər. Kimlərinsə ağlına qulluq edərək ölkədə özbaşnalıq, iğtişaşlar yaratmaqdansa, savadlı, intelektli gənclərlə bir arada olmaq isə gec deyil. Biz hər zaman müxtəlif siyasi partiyadan olan gənclərlə dialoqa hazırıq. Qarşıya qoyduğumuz məqsədimiz dövlət tərəfindən göstərilən qayğını və etimadı hər zaman doğrultmaq və Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdir. Ulu Öndər Heydər Əliyev ideyasını yaşatmaqdan qürur duyuruq".

YAP Nizami Rayon Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov: "Onların işi üç-beş nəfərdən ibarət mitinqlərdə bağırmaq deyil"

- Hazırda Azərbaycanda dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılmasında maraqlıdır. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və sair hökümətimizin əsas vəzifə və hədəflərindəndir. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati, hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bütün sadalanan amillər dövlətin uğurlu gənclər siyasətinin göstəricisidir. Bundan yararlanmaq istəməyən gənclərə onu demək istərdim ki, həyatlarını düzgün qurmaq, vaxtlarını səmərəli keçirtmək istəyirlərsə, sağlam qüvvələrlə bir olsunlar, dövlətə xidmət etsinlər. Onların işi üç-beş nəfərdən ibarət mitinqlərdə bağırmaq deyil. Ali təhsilə yiyələnməyi, ölkəmizi beynəlxalq arenalarda təbliğ etməyi düşünsələr və bununla da həm özlərinə, həm də cəmiyyətə yararlı vətəndaş olduqlarını göstərsinlər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə