Hikmət Hacıyev: “İƏT dövlətləri ilə Azərbaycan arasında viza məsələləri ikitərəfli müstəvidə həll olunur” Müsahibə
Azərbaycan artıq cari ilin sentyabr ayından etibarən Avropa İttifaqına üzv olan ölkələrlə vizasız gediş – gəlişlə bağlı saziş imzalayıb. Sadələşdirilmiş viza rejimi qüvvəyə mindikdən sonra, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə vizasız gediş – gəlişinin təmin edilməsi məsələsi maraq doğurur. Bununla bağlı olaraq, SİA-ya müsahibə verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bir sıra sualları cavablandırıb. Müsahibəni təqdim edirik:
- Avropa İttifaqı ilə vizasız gediş gəliş istənildiyi bir vaxtda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə də vizasız gediş-gəlişə maraq göstərilirmi?
- Viza məsələsi daha çox ikitərəfli münasibətlərə aid olan mövzudur və Avropa İttifaqında da "Şengen" vizası çərçivəsində vahid "Şengen Zonası" anlayışı var. Ona görə də, Avropa İttifaqı ilə Azərbaycan arasındakı viza məsələləri "Şengen Zonası" və Aİ-nin bu sahədə olan təcrübəsindən çıxış edilərək Azərbaycanla Aİ arasında vizaların sadələşdirilməsi haqqında sazişlər imzalanıb. Bu sazişlər də praktiki olaraq 1 Sentyabr 2014-cü il tarixindən etibarən qüvvəyə minib. Amma İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində belə bir vahid viza anlayışı və məkanı yoxdur. İƏT-ə üzv dövlətlərlə Azərbaycan arasında olan viza məsələləri ikitərəfli müstəvidə həll olunur.
- İƏT ilə ümumilikdə işlər görülür. Bunu belə demək mümkündürmü?
- Bunu belə demək biraz çətin olar. Çünkü İƏT çərçivəsində Avropa İttifaqından fərqli olaraq vahid viza məkanı, vahid viza tənzimləyicisi yoxdur. Avropa İttifaqında "Şengen Zonası" anlayışı, mərkəzləşmiş viza rejim qaydası var. Baxmayaraq ki bəzi Avropa İttifaqı ölkələri burada iştirak etmirlər, amma İƏT çərçivəsində belə bir mexanizm və vahid anlayış yoxdur. Buna görə də, bu çərçivədə bizim əlaqələrimiz ikitərəfli həyata keçirilir. Təkcə İslam Əməkdaşlıq Təşkilatı ölkələri ilə yox, digər dövlətlərlə də Azərbaycan Respublikasının viza məsələlərinin tənzimlənməsi ikitərəfli əsasda həyata keçirilir.
- İƏT üzvü olan ölkələr içərisində hansı dövlətlərlə Azərbaycanın vizasız gediş gəlişi təmin olunur?
- Azərbaycan Respublikası mövcud ikitərəfli əlaqələrdən çıxış edərək və viza məsələlərinin tənzimlənməsi ilə əlaqədar olaraq bir sıra dövlətlərlə əməkdaşlığını davam etdirir. Məsələn, İƏT çərçivəsinə daxil olan bir sıra Mərkəzi Asiya dövlətləri var ki, onlarla iqtisadi əməkdaşlıq müvafiq sazişlərlə tənzimlənir. Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanla Azərbaycan arasında vizasız gediş – gəliş sistemi mövcuddur. Ümumiyyətlə, ikitərəfli əməkdaşlıq zəminində Azərbaycan Respublikası tərəfindən bu məsələlərə baxılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB