Müxalif yönlü QHT-lər şəffaflığın qorunmasına riayət etmirlər MÜNASİBƏT

Müxalif yönlü QHT-lər şəffaflığın qorunmasına riayət etmirlər MÜNASİBƏT

Milli Məclisin dünən keçirilən plenar iclasında "Qrant haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsində müxalif yönlü QHT-lərin hansı səbəblərdən narahatlıq keçirdiklərinə bəzi QHT rəhbərləri və siyasi xadimlərdən münasibət öyrəndik. SİA həmin fikirləri təqdim edir.

Azadlıq Hərəkatçılar Birliyinin (AHB) sədri Təhmasib Novruzov

"Azərbaycandakı siyasi təşkilatların demək olar ki, əksəriyyəti məhz QHT-lər vasitəsilə xaricdən maliyyə yardımları alırlar. Bizim müxalifət də Azərbaycan daxilində dəstək qazana bilmədiyinə görə həm şəxsi, həm də partiyanın fəaliyyəti üçün kənardan özünə dəstək axtarır. Təbii ki, belə olan halda qrant haqqında olan qanuna dəyişikliklər onları qane etmir. Əslində onlar üçün heç fərqi də yoxdur ki, qrantı kimdən alırlar. Bunun üçün lazım olanda lap ermənilərlə də müqavilələr bağlayırlar. Ona görə də "Qrant haqqında" və "Qeyri-hökumət təşkilatları haqqında" qanunlara edilən əlavə və dəyişikliklər onları ciddi şəkildə narahat edir".

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

"Qanunda qrant almaq hüququnun hansı qaydada müəyyənləşməsi prosesinin müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilməsi və istənilən qrantın verilməsi ilə bağlı həmin qrantın əsaslandırılması haqqında rəydə hansı komponentlərin olacağı, onun kimin tərəfindən hazırlanacağı narahatlıq doğuran məsələlərdəndir. Həmçinin, qrant vermə hüququnun əldə edilməsi üçün qrantı verən beynəlxalq təşkilatın, fiziki şəxsin Azərbaycanda nümayəndəliyi olmalıdır. Əks halda qrant almaq mümkün olmayacaq. Bu da beynəlxalq təşkilatlar tərəfindən maliyyələşən müxalif yönlü QHT-lər üçün himayədarlarından qrant almaqda çətinlik yaradacaq. Elə bu səbəbdən həmin QHT-lər təşvişdədirlər.

Politoloq Elşən Musayev

"Müxalifət ən kiçik addımlarını belə birbaşa beynəlxalq təşkilatların qrantları vasitəsilə həyata keçirir. Onların birgə məqsədi Azərbaycan hakimiyyətini şərləmək, onu yıxmaqdır. Elə buna görə də QHT və qrantlar haqqında qanunlara olan dəyişiklər müxalifət yönlü QHT-ləri daha çox narahat edir. Azərbaycan qanunvericiliyində dəfələrlə QHT-çiliklə bağlı bir sıra əlavə və dəyişikliklər olub. Onların hamısında öndə duran məsələ şəffaflıq olub. Lakin müxalif QHT-lər bu şəffaflığın qorunmasına riayət etməyiblər. Bunların da başında Xədicə İsmayıl, Əli Kərimli kimi Azərbaycanın maraqlarını hər an hamıya satmağa hazır olan insnlar durur. Bu baxımdan qanunda olan dəyişikliklər bu cür insanların beynəlxalq qüvvələrlə birləşib Azərbaycan əleyhinə birgə fəaliyyətinə imkan yaratmayacaq. Belə olan halda müxalif QHT-lər narahat olurlar ki, öz mənfur niyyətlərini yerinə yetirmək üçün qrantsız qalacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə