Fəzail Ağamalı: "Xədicə İsmayıl mənafeyini tərəziyə qoyub satanlardandır" Açıqlama

Fəzail Ağamalı: "Xədicə İsmayıl mənafeyini tərəziyə qoyub satanlardandır" Açıqlama

"Xədicə İsmayıl mənim səviyyəmdə olan insan deyil. O, Azərbaycan koalisiyasında yer alan və ölkəmizə düşmən olan bir şəxsdir. Mən isə bütün həyatımı Azərbaycan uğrunda fəda edən biriyəm. Odur ki, elə birisi haqqında hər hansı bir fikir söyləməyim onun üçün çox böyük mükafat olardı. Çünki o, Azərbaycanın milli maraqlarını və mənafeyini tərəziyə qoyub satanlardandır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

Millət vəkili eyni zamanda "Milli Şura"nın oktyabrın 12-də keçirdiyi mitinqə də münasibət bildirib. Onun sözlərinə görə, dünən baş tutan mitinq bir daha göstərdi ki, onların Azərbaycan cəmiyyətində yetərli sosial dayağı yoxdur və bu aksiya onların iflasının göstəricisi oldu: "Onlar aksiyada 10 mindən artıq insanın iştirak edəcəyi ilə bağlı iddianı ortaya qoysalar da, mitinqdə iştirak edənlərin sayının bundan bir neçə dəfə az olması yuxarıdakı fikrin gerçəkliyinin göstəricisidir. Hələ keçən il prezident seçkiləri zamanı radikal müxalifəti öz ətrafında birləşdirən "Milli Şura"nın keçirdiyi aksiyalar zəif idi. Ümumiyyətlə müxalifət bu gün ölkədə gedən proseslərə nəinki təsir etmək, heç proseslərdə iştirak etmək imkanında da deyil. Bu bir daha onu göstərir ki, onlar artıq iflasa uğrayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə