Azər Ayxan: “Müxalifətdə bəzi insanlar qısırürəklidirlər” İTTİHAM

Azər Ayxan: “Müxalifətdə bəzi insanlar qısırürəklidirlər” İTTİHAM

"Müsavat Partiyasının başqanı və eləcə də eks başqanı Milli Şuranın keçirdiyi mitinqə tribunaya qalxmaq üçün getməmişdilər. Amma etika xatirinə belə, Müsavat liderlərini tribunaya dəvət etməmək Milli Şura rəhbərliyinin səviyyəsindən xəbər verir". Sözügedən fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxan həmin mitinqdə İsa Qəmbərin, Arif Hacılının və Pəhah Hüseynin sıravi mitinqçilər arasında dayanmalarına və Milli Şura rəhbərliyinin onları tribunaya dəvət etməmələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, onların hadisələrə necə yanaşmalarının və tərbiyələrinin göstəricisidir: "Əli Kərimli və Cəmil Həsənlinin İsa Qəmbərə münasibətləri qəzəb fonundadır. Hətta deyərdim ki, İsa Qəmbərə qarşı ortada bir qəzəb də var idi. Çünki İsa Qəmbər Milli Şura rəhbərinin, eləcə də Əli Kərimlinin planını pozmuş oldu. Belə ki, onlar İsa Qəmbərin mitinqə qatılacağını gözləmirdilər. Bunlar da sonradan bu addımı öz bildikləri kimi uydurmağa çalışacaqdı ki, İsa Qəmbər "siyasi məhbuslara azadlıq" şüarı altında keçirilən mitinqə qatılmadı, "siyasi məhbuslar" Müsavat Partiyası üçün əhəmiyyətli deyil və sair... İsa Qəmbər isə öncədən hazırlanan planı alt-üst edərək, mitinqə qatıldı".

"Yeni Müsavat" rəsmsi həmçinin onu da bildirib ki, Əli Kərimli öz aləmində İsa Qəmbəri tribunaya dəvət etməməklə, keçmiş başqanı aşağılamış oldu: "Ən azından bir salamlama olmalı idi. Təəssüf ki, Azərbaycan müxalifətində bəzi insanlar ürəyiaçıq deyil, qısırürəklidirlər. Belə insanların ölkəyə rəhbərlik etməsi mümkün deyil".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə