AŞPA-dakı üzvümüz: "İlham Əliyevin uğurlu hücum diplomatiyası erməniləri çaşbaş salıb" Açıqlama
"Ümumiyyətlə, tarixi və mövcud reallıqları təhrif edərək Azərbaycanın ünvanına şər-böhtan danışmaq, istənilən tribunadan ölkəmizi ittiham etmək, işğalçılıq və soyqırımı siyasətini pərdələmək üçün hətta bir sıra hallarda xristian təssübkeşliyindən istifadə edib Azərbaycanı günahlandırmaq erməni diplomatiyasının yeganə istiqamətidir. Ermənistan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) fəaliyyəti də məhz bu əsasa söykənir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Gender bərabərliyi alt komitəsinin sədri, millət vəkili Sahibə Qafarova deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi hücum diplomatiyası erməniləri çaşbaş vəziyyətinə salıb: "Bildiyimiz kimi, ötən ayın əvvəlində NATO-nun Uels sammiti baş tutdu və bu sammitdən dərhal sonra Ermənistan prezidenti İrəvanda partiyasının təcili yığıncağını keçirdi. O, Azərbaycanın fəallaşdığını və bir sıra sahələrdə uğur əldə etdiyini söyləyərək tərəfdarlarından daha fəal olmağı və Bakının tam qələbə çalmasına imkan verməməyi tələb etdi".
S. Qafarova əlavə edib ki, ermənilər hazırda o qədər "azğınlaşıblar" ki, hətta beynəlxalq qurumların, o cümlədən BMT-nin, AŞPA-nın qəbul etdiyi sənədləri belə təhrif edirlər: "Məsələn, bir müddət əvvəl Ermənistanın dövlət başçısının beynəlxalq ictimaiyyəti ələ salarcasına BMT-nin Dağlıq Qarabağın dərhal və qeyd-şərtsiz işğaldan azad olunması haqqında məlum 4 qətnaməsindən danışaraq guya orada əsas məsuliyyətin Azərbaycanın üzərinə düşdüyünü iddia etməsi bir daha bu dövlətin apardığı siyasətin mahiyyətini ifşa edir".
O, həmçinin qeyd edib ki, ermənilərin beynəlxalq ictimai rəyi bu cür manipulyasiya edən bəyanat və davranışlarının arxasında onların işğalçılıq siyasətinə qarşı qeyri-adekvat və loyal beynəlxalq münasibət dayanır: "Əlbəttə, bu gün Azərbaycan Avropa Şurasına üzv olan ölkələr arasında ərazisi başqa bir Avropa Şurasına üzv olan ölkə tərəfindən işğal olunan yeganə dövlətdir. Baxmayaraq ki, Avropa Şurasının bütün hüquqi sənədləri işğal siyasətini qətiyyətlə rədd edir və buna qarşı mübarizədə konkret tədbirlər görmək iqtidarına malikdir, ancaq bu günə qədər Avropa Şurası bu münaqişənin həlli üçün işğalçı dövlət olan Ermənistana qarşı hər hansı konkret iş görməyib, əksinə təşkilata üzv olan bəzi ölkələr bir sıra hallarda çox təəssüf ki, bu işğal faktına bəraət qazandırmağa yönəlmiş addımlar atıb. Ermənistan Avropanın ən qeyri-demokratik, insan hüquq və azadlıqlarının ən çox pozulduğu ölkədir. Ölkədə demokratik institutların ağır vəziyyəti, mətbuat orqanlarının fəaliyyətinin məhdudlaşdırılması, yüzlərlə ölkə vətəndaşının müxtəlif siyasi əsaslarla həbs olunması, repressiyaya məruz qalması bunu sübuta yetirir. Belə olduğu halda, Avropa Şurasının bu ölkəyə hələ də loyal münasibəti təbii ki, bizi narahat edir və bu məsələyə etirazımızı istənilən tribunadan, o cümlədən AŞPA-dan ifadə edirik".
AŞPA-nın bir neçə gün əvvəl keçirilən payız sessiyasında da erməni parlamentarilərin Azərbaycanla bağlı təxribat xarakterli fikirlər səsləndirməsinə gəlincə, millət vəkili hesab edir ki, ümumən bu sessiyanı Azərbaycan üçün kifayət qədər uğurlu saymaq olar: "Əlbəttə, bu sessiya da erməni saxtakarlıqları və yalanları baxımından digərlərindən fərqlənmədi. Bununla belə, Azərbaycanın apardığı uğurlu işin nəticəsi olaraq, "Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində vəziyyətin gərginləşməsi" adlı yeni məruzənin hazırlanmasının AŞPA-nın siyasi işlər və demokratiya komitəsinə həvalə olunması barədə büroda qərar qəbul olunub. Ermənistan nümayəndə heyətinin və onlara yaxın avropalı parlamentarilərin səylərinə baxmayaraq, biz bu qərarın qəbulunda nail olduq. Səsvermədə iştirak edən 128 deputatdan 74-ü məsələnin monitorinq komitəsinə deyil siyasi işlər və demokratiya komitəsinə həvalə edilməsinin lehinə, 47 deputat əleyhinə səs verib, 7 deputat isə bitərəf qalıb. Bu, özlüyündə Azərbaycan nümayəndə heyətinin növbəti qələbəsi kimi xarakterizə oluna bilər. Digər müzakirələrdə də Azərbaycan nümayəndə heyətinin üzvləri kifayət qədər fəallıq nümayiş etdirərək, ölkəmizlə bağlı həqiqətlərin beynləxalq ictimaiyyətə çatdırılmasına nail oldular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB