"Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusunda dəyirmi masa keçirilib
Bu gün IV Bakı Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masanın həmsədrləri Urxan Ələkbərov, Robert Laflin, Corc Smut, Arnold Rüütel və Anatoli Torkunov olub. Nahar fasiləsinədək "Ekoloji sivilizasiyaya transformasiya məqsədilə davamlı inkişafın səmərəli idarə edilməsi" mövzusunda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Qeyd olunub ki, Azərbaycanda bu tədbirin keçirilməsi çox böyük önəm daşıyır. Ölkəmizdə davamlı ekoloji inkişaf istiqamətində böyük işlər görülür və bu sahədə Heydər Əliyev Fondu əhəmiyyətli layihələr həyata keçirir. Bildirilib ki, Azərbaycanda Dövlət Proqramları milli proqrama çevrilir və hər kəs bu istiqamətdə aparılan işlərə qoşulur.
Çıxış edən "Nobel" mükafatı laureatı, dəyirmi masanın həmsədri Corc Smut Azərbaycanda olmaqdan məmnun olduğunu deyib. O, dayanıqlı inkişafdan danışıb: "Dünyanın dayanıqlı inkişaf modelini müəyyənləşdirməsi çox vacibdir. Hazırda bu istiqamətdə risklər var. Bu, hər bir şəxsi narahat edən və vacib məsələdir. Məsələn elektrik enerjisi və yanacaqların davamlı olması çox vacibdir. Belə resurslar tükənərsə iqtisadiyyat zəifləyər. Tıxaclar, zibil tullantıları var. Belə faktlara inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə də rast gəlinir. Bütün ölkələr davamlı inkişafa doğru getməlidir. Ekoloji inkişaf istiqamətdə hər şeyi hökumətlərdən gözləmək olmaz. İnsanlar maarifləndirilməli, məIumatlandırılmalıdırlar. Təkrar emal inkişaf etdirilməli, suyun və havanın təmizliyi daima nəzarətdə saxlanılmalıdır".
Dəyirmi masanın digər həmsədri Robert Laflin tədbirin əhəmiyyətindən danışıb. O, ekoloji inkişaf sahəsində yaxşı idarəçilik məsələsinə toxunub: "Yaxşı idarəçilik kompleks kompromistlərdən ibarətdir. Hamımız ətraf mühitə əlavə yükləmə və stress veririk. Özümüz üçün ən yaxşı qurğuları əldə etməyə çalşırıq. Bu isə, ətraf mühitə əlavə zərərlər verir. Bu istiqamətdə insanlar təkcə heç nə edə bilməzlər. Qanunlar və yaxşı idarəçilik olmalıdır. Yaşadığım Kaliforniya ştatında çoxlu ekoloji tədbirlər həyata keçirilir. Soyuqqanlı olmalı, diqqəti problemlərin həllinə yönəltməliyik".
Daha sonra tədbirin moderatorlarından olanlar, Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun Baş direktoru Onur Enderə söz verilib. O, Azərbaycanda belə bir tədbirdə çıxış etməyin şərəfli olduğunu bildirib. O. Ender dövlət idarəçilik məktəblərindən danışıb. O, insanların bütün həyat boyu öyrənməli olduğunu qeyd edib. Moderator regional tərəfdaşlığın önəmindən söz açıb. O, ölkələrin bir-birinin təcrübələrindən istifadə etməli olduqlarını qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov geniş məruzə ilə çıxış edib. O, tədbirin önəmindən danışıb. Bildirib ki, dayanıqlı ekoloji inkişaf ölkələrin bir-biri ilə əməkdaşlığı sayəsində inkişaf edə bilər. Onun sözlərinə görə, bu, yeganə yoldur ki, insanlar mövcud problemlərin həllinə nail ola bilsinlər.
U. Ələkbərov istehlak mədəniyyətindən də söz açıb: "İstehlak mədəniyyətinin formalaşması çox önəmlidir. Azərbaycanda buna nail olmaq üçün böyük işlər aparılır".
O, Azərbaycanda davamlı inkişafı əks etdirən təqdimatla çıxış edib. Məruzə zamanı tədbir iştirakçılarına ölkəmizdəki davamlı inkişafı əks etdirən fotoslayd nümayiş olunub.
Dəyirmi masanın digər məruzəçisi, Kanada nümayəndəsi, Karlton Universitetinin dövlət siyasəti və idarəçiliyi kafedrasının professoru Lesli Pal ekoloji inkişafla bağlı məsələlərə qlobal səviyyədə yanaşdığını qeyd edib. O, bildirib ki, akademiyalar və düşüncə mərkəzləri ölkələrin bu sahədə bir-birləri ilə əməkdaşlıq yollarını araşdırır. Məruzəçi sözügedən sahədə yaxşı idarəçilik yaradılmalı olduğunu qeyd edib. O, yaşıl inkişaf sahələri haqda da danışıb.
Daha sonra tədbirdə fasilə yaranıb.
Fasilədən sonra Ukrayna prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının prezidenti Yuriy Kovbasyuk, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Təbiətdən istifadə və Ekologiya sahəsində Beynəlxalq Ümumi Problemlər kafedrasının müdiri Ruslan Əliyev, Hindistanın Fövqəladə Hallar üzrə Milli Xidmətin üzvü Müzəffər Əhməd, Ankara Universitetinin professoru Cemal Taluğ və digərləri çıxış edib.
Müzakirələrdən sonra nahar fasiləsi elan olunub.
Qeyd edək ki, nahardan sonra "Davamlı inkişaf naminə insan potensialının formalaşdırılması" və "Davamlı inkişaf konsepsiyasının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu" mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Sonda isə bəyannamə qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB