Prezident Valentina Matviyenkonu qəbul edib

Prezident Valentina Matviyenkonu qəbul edib

Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib. SİA-nın xəbərinə görə, dövlət başçısı ilk olaraq Valentina Matviyenkonu yenidən Şuranın sədri seçilməsi münasibətilə təbrik edib.

İlham Əliyev Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyası nümayəndə heyətinin Federal Məclisin Federasiya Şurası sədrinin başçılığı ilə iştirakını bu tədbirə verilən mühüm əhəmiyyət kimi dəyərləndirib.

Prezident İlham Əliyev Forumla bağlı təbriklərinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə onun təşəkkürünü çatdırmağı Valentina Matviyenkodan xahiş edib. Azərbaycan Prezidenti bir neçə gün əvvəl Həştərxanda Rusiya dövlətinin başçısı ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin çox müsbət, dinamik inkişaf etməsinin, əməkdaşlığın bütün sahələri əhatələməsinin, iqtisadi sahədə ticarət dövriyyəsinin artmasının vurğulandığını diqqətə çatdırıb. Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsində önəmini vurğulayıb.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident Vladimir Putinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Qonaq IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Valentina Matviyenko dövlətimizin başçının Forumdakı çıxışının yaratdığı yüksək təəssüratdan danışıb. Bakıda gördüklərinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Vladimir Putinə salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Rusiya dövlətinin başçısına çatdırmağı Valentina Matviyenkodan xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə