QHT-lər və qrantlarla bağlı qanunlar sərtləşdirilir

QHT-lər və qrantlarla bağlı qanunlar sərtləşdirilir

Qeyri-hökumət təşkilatları və qrantlarla bağlı qanunlara ciddi və sərtləşdirci dəyişikliklər nəzərdə tutulur. SİA-nın xəbərinə görə, sözügedən qanunlara təklif olunan dəyişikliklər məsələsi Milli Məclisin (MM) İqtisadi siyasət, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasının müzakirəsinə çıxarılıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsin sədri Əli Hüseynli ilk olaraq hər iki sənədə dəyişikliklərin onun özünün təşəbbüsu ilə meydana gəldiyini bildirib: "Hər iki qanuna dəyişiklilklər edilməsinin təşəbbüsçülərindən biri də özüməm və hesab edirəm ki, bir çox məsələlərdə olduğu kimi, burada da şəffaflığa ehtiyac var. Onu da qeyd edim ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra ciddi təbirlər görülür və uğurlu nəticələr də əldə edilir. Bu baxımdan QHT-lərlə bağlı məsələlərdə, xüsusilə, xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı məsələlərdə də şəffaflığa ehtiyac var. Müzakirəyə çıxarılan dəyişikliklər də məhz bunları nəzərdə tutur".

Komitə sədrinin dediyinə görə, "QHT-lər haqqında" qanunun 24-1.5-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yəni, bundan sonra qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlətin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Həmçinin, sözügedən qanunun 24-2.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən müqavilə olmadan və ya qeydiyyata alınmamış müqailə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökuməti təşkilatı İnzibati Xətalar Məcəlləsinı əsasən məsuliyyət daşımalı olacaqlar.

"Qrantlar haqqında" qanuna gəlincə, həmin sənədə 5-1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov təklif olunan dəyişikliklərin cəmiyyətdə birmənalı qarşılanmayacağını qeyd edib və dəyişikliklərə etirazını bildirib.

Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə