“Azərbaycanı istəməyən qüvvələrin bir yerdə olması təəccüb doğurmur” SORĞU

“Azərbaycanı istəməyən qüvvələrin bir yerdə olması təəccüb doğurmur” SORĞU

Artıq Ermənistanın xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi istintaq tərəfindən sübuta yetirilməkdə olan "hüquq müdafiə"çisi Leyla Yunusun ətrafında yerli və xarici siyasi dairələr müəyyən hay-küy qaldırıb, reallığı əks etdirməyən bəyanatlar səsləndirirlər. SİA KİV, QHT və siyasi partiya təmsilçilərinə tərəflər arasında maraqların bölüşdürülməsinin nədən irəli gəlməsi ilə bağlı sualla müraciət etdikdə, onlar Azərbaycanı istəməyən qüvvələrin bir yerdə olmasının təəccüb doğurmadığını bildiriblər:

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Leyla Yunusun həbsindən sonra indiyə qədər onun Azərbaycandakı fəaliyyətində maraqlı olan beynəlxalq təşkilatlar öz fəal əməkdaşlarından birinin həbs olunmasına qarşı fəaliyyətə başlayıblar. Yəni, Azərbaycanda Leyla Yunus kimi bir neçə "hüquq müdafiəçi"sinin fəaliyyətini istiqamətləndirən, yönəldən, müxtəlif qrant layihələri ilə təmin edən beynəlxalq təşkilatlar, dairələr Leyla Yunusun hazırki şəraitində "həmrəylik" nümayiş etdirirlər. Azərbaycanın beynəlxalq miqyasda bir sıra təşkilatlarla həll olunmamış problemli məsələləri var. Bu səbəbdən də onların Azərbaycanla bağlı tənqidi ritorikası gah güclənir, gah da zəifləyir. Bu da Azərbaycandakı vəziyyətlə yox, ölkəmizin müəyyən dövlətlərlə, beynəlxalq təşkilatlarla apardığı siyasətlə bağlıdır. Bu gün Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi kimi görünən basqılar əslində ölkədəki siyasi proseslərlə bağlı deyil. Bu, Rusiyanın son vaxtlar MDB məkanında gizli və açıq formada həyata keçirdiyi niyyətlər, planlar və həmin planların qarşısında Azərbaycanın Rusiyaya meyllənə biləcəyindən doğan qorxu hissinin nəticəsidir. Belə bəyanatlarla Azərbaycanı gələcəkdə müstəqil siyasətindən və Rusiyaya meyllənmək perspektivindən çəkindirmək məqsədi güdürlər. Amma, onlarda Azərbaycanın Rusiyaya meyllənəcəyi ilə bağlı əminliyin haradan qaynaqlandığını demək çətindir".

Vəhdət Partiyasının sədri Tahir Kərimli: "Sülh və Demokratiya İnstitutunun xarici təşkilatlar və dövlətlər tərəfindən maliyyələşməsi ortadadır. Bu təşkilatın rəhbəri Leyla Yunus daim xarici təşkilatlarla əlaqədə olub və onların maraqlarına uyğun fəaliyyət göstərib. Bu gün xarici qaynaqlardan maliyyələşən təşkilatlar Ədliyyə Nazirliyinə və digər müvafiq orqanlara öz maliyyə hesabatlarını təqdim etmirlər. Bu da onların xaricə bağlı olduqlarına bir sübutdur. Bundan başqa Fransa kimi dövlətin prezidenti Fransua Olland və digər xarici təşkilatların rəhbərləri Azərbaycan səfər edəndə Leyla Yunus kimi adamlarla görüşürlər. Bunun özü də sübut edir ki, Leyla Yunus kimilər məhz həmin xarici qüvvələrin maraqlarının Azərbaycanda təminatçısıdırlar. Ümumiyyətlə Azərbaycanı istəməyən qüvvələrin bir yerdə olması təəccüb doğurmur".

Azadllıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov: "Leyla Yunusun həbsindən sonra erməni lobbisi bütün gücünü işə salıb. Çünki Leyla Yunus Ermənistan və onun lobbisi üçün çox dəyərli cəsusdur. Ermənilər bilir ki, ondan yaxşısını tapıb, yetişdirə bilməyəcəklər. Ona görə də Leyla Yunusa qarşı atılan hər hansı bir hüquqi, qanuni addım erməni lobbisini hərəkətə gətirir. Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı ciddi məsələləri bir kənara qoyaraq Leyla Yunusla bağlı ölkə başçısından xahişdə bulunması, Avropa İttifaqının ortaya qoyduğu mövqe, ABŞ prezidenti Barak Obamanın çıxışı birmənalı şəkildə onu deməyə əsas verir ki, sözün həqiqi mənasında Leyla Yunus erməni lobbisi üçün lazımlı fiqur idi. Bu gün onun sıradan çıxması erməni lobbisini ciddi şəkildə narahat edir".

Bütün xəbərlər Facebook səhifəmizdə