Sarkisyanın çıxışının arxasında Rusiyanın təsiri varmı? PROQNOZ

Rüstəm Məmmədov: “Rusiyanın Ermənistanın arxasından çəkilənə qədər işğalçı ölkənin bu cür davranışı davam edəcəkdir”
Sarkisyanın çıxışının arxasında Rusiyanın təsiri varmı? PROQNOZ

Vatikanda səfərdə olan Serj Sarkisyan bəyan edib ki, Dağlıq Qarabağla bağlı müharibə hələ bitməyib. Bu, Fransa prezidentinin vasitəçiliyi ilə keçiriləcək Ermənistan-Azərbaycan prezidentlərinin görüşünün nəticəsiz qalacağını deməyə əsas verirmi? Politoloq Rüstəm Məmmədov mövzu ilə bağlı SİA-ya açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi özünü haqlı çıxarmaq üçün hər zaman yersiz hərəkətlərə əl atmaqla məşğuldur: "Ermənistan prezidenti özünə xal yığmaqla məşğuldur. Yəni Ermənistan siyasətinə bir don geyindirir".

Serj Sarkisyanın müharibə əhval ruhiyyəsi ilə çıxış etməsinin arxasında Rusiyanın təsiri dayana bilməsi ehtimalı barədə də danışan R.Məmmədov qeyd edib ki, Ermənistanın bu cür işğalçılıq siyasətinin arxasında Rusiyanın təsiri dayanır: "Çünki Ermənistan Rusiyanın for-postudur. Rusiyanın Ermənistanın arxasından çəkilənə qədər işğalçı ölkənin bu cür davranışı davam edəcəkdir. Ümumiyyətlə, bu gün bütün dünya ölkələri və beynəlxalq təşkilatlar çox gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edən ölkədir. Amma nədənsə bu reallığı görməməzlikdən gəlirlər. Amma beynəlxalq təşkilatlar işğalçı ölkə olan Ermənistana qarşı cəza tətbiq etməlidirlər. Çünki günahkar tərəf cəzasız qala bilməz. Lakin təəssüflər olsun ki, günahkar tərəf olan Ermənistana hələ də layiq olduğu cəza verilməyib. Bu da ikili standartların olmasından xəbər verir. Onsuzda Ermənistan gec-tez işğal altında olan torpaqları Azərbaycana qaytarmağa məcbur olacaqdır. Çünki həmin torpaqlar Azərbaycan dövlətinə aiddir".

R.Məmmədov sonda onu da bildirib ki, bu gün güclənməkdə olan Azərbaycan dövlətinin qüdrəti ona imkan verir ki, əgər Azərbaycan istəsə hərb yolu ilə işğal altındakı torpaqlarını işğaldan azad edə bilər: "Məhz bu reallığı Ermənistan dövləti çox gözəl bilir".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə