Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digərləri iştirak edib.
Toplantı qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təşkil olunub.
20 il bundan öncə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi"nin əhəmiyyətinə toxunan YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixi möhtəşəm layihələri ilə zənginliyi ilə seçilir: "Strategiya və baxışlar Azərbaycanın bütün dünyada, eləcə dəAvropada əhəmiyyətini ciddi şəkildə yüksəldib. Bu gün Azərbaycan əhalisi və ərazisi parametrlərinə görə kiçik ölkə olsa da əhəmiyyəti, regional siyasətdə rol oynaması baxımından, eləcə də Avropa məkanında siyasi proseslərə təsir etmək baxımından geniş dövlətə çevrilib. Bütün bunların nəticəsi olaraq Azərbaycanda çox tez-tez beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər keçirilir. Ölkəmiz bu mənada da Avropa məkanında cəlbedici dövlətə çevrilib. Sadəcə olaraq Azərbaycanın böyük enerji ehtiyyatlarına malik olması ilə əlaqədar deyil eyni zamanda bu ehtiyyatlardan ağılnan, müdrikcəsinə səmərəli şəkildə həm öz dövləti, həm dünyada enerji təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən istifadə edilməsi ilə əlaqədardır. Azərbaycandan da çox enerji, neft və qaz ehtiyyatları olan ölkələr var. Ancaq bu ölkələrlə Azərbaycanın həyata keçirdiyi siyasətin müqayisəsi o fikri söyləməyə əsas verir ki, sərvətlərə malik olmaq hələ bu sərvətlərdən ağılla istifadə etmək üçün yetərli deyil. Sərvətlər o zaman milli sərvətə çevrilir ki, ondan müdrikcəsinə istifadə edilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin mahiyyəti də məhz bundan ibarətdir. Məhz bunun sayəsində Azərbaycan sürətlə inkişaf edib. Son 10 il ərzində Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəyə çevrilib. Sevindirici haldır ki, bu gün YAP-ın Sədri, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi xətti uğurla həyata keçirir".
Əli Əhmədov daha sonra bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə də toxunaraq söyləyib ki, bu cür müzakirələrin bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyasının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyəti var: "Digər toplantılarda olduğu kimi ənənəmizi davam etdirərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatlarının sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edirik. Burada ötən dövr ərzindəki fəaliyyətə qiymət verilir, eləcə də qarşıda duran aylarla bağlı vəzifələr müəyyənləşdirilir, dəyərləndirilir və buna müvafiq də fəaliyyət göstərilir".
Müşavirədə YAP Sədrinin müavini Əli Əhmədov seçkilərə hazırlıq məsələləri ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Daha sonra müşavirə mətbuatın iştirakı olmadan davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB