Araz Əlizadədən avropalı parlamentarilərə SUAL

“Nəyimizi almayacaqlar, alçamızı, yoxsa limonumuzu?!”
Araz Əlizadədən avropalı parlamentarilərə SUAL

"Bilirsiniz, bunlar ümumiyyətlə hər şeylərini itiriblər və gələcəkləri yoxdur". Sözügedən fikirləri SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Qərb təşkilatlarının Azərbaycan əleyhinə qəbul etdikləri hər hansı bir qərardan sonra, bir sıra radikal təmayüllü siyasi partiya liderlərinin bunu cəmiyyətə "qələbə" kimi təqdim etmələrinə münasibətini bildirərkən deyib.

ASDP sədrinin sözlərinə görə, belə müxalifət sonsuzluq xəstəliyinə düçar olub: "Bu müxalifət sonsuzluq xəstəliyinə düçar olub. Başa düşmürlər ki, artıq belələri üçün qarşıda yaxşı heç nə gözlənilmir. Onların gələcəkləri olmayacaq".

Araz Əlizadə Azərbaycan hakimiyyətinin müstəqil siyasət yürütdüyünü xatırladaraq onu da qeyd edib ki, hər hansı beynəlxalq təşkilatın ölkəmiz əleyhinə çıxardığı qərar müstəqil dövlətimiz üçün əhəmiyyət daşımır. Əksinə, onlar Azərbaycandan asılı vəziyyətə düşəcəklərini dərk etməlidirlər: "İkincisi isə, Avropa Parlamentinin qərarları, Parlament Assambleyasının qərarları, eləcə də ATƏT-in qərarları-bunların Azərbaycanın əleyhinə qəbul etdikləri hər şey kağız parçasıdır. Təsəvvür edin ki, Avropanın Rusiya ilə münasibətlərinin pisləşdiyi, Rusiya qazının Qərb istiqamətində kəsildiyi bir vaxtda, Avropanın ABŞ-ın diktəsi ilə hərəkət etdiyi bir vaxtda Azərbaycana qarşı belə bir addım atmaq, onlara heç bir səmərə verməyəcək. Çünki onlar Azərbaycandan qaz, neft alırlar. Tutaq ki, Azərbaycana qarşı embarqo qoydular, ya da sanksiya tətbiq etdilər onda nəyimizi almayacaqlar, alçamızı, yoxsa limonumuzu?! Bunlar qavramırlar ki, bizim uzun müddətli kontraktlarımız var və bütün bunları isə heç vaxt dayandıra bilməzlər. Ona görə də getsinlər qarınlarını otarsınlar".

Araz Əlizadə radikal müxalifəti və ölkəmiz əleyhinə səs verən avropalı parlamentarilərini savadsız adlandırıb: "İnanın ki, nə Avropa deputatlarının çıxardığı qətnamələrdən sevinən radikallar, nə də Azərbaycan əleyhinə qətnamələr qəbul edən avropalı parlamentarilər bunların çoxunu bilmirlər. Vallah, onlar ömürlərində nə ciddi qəzet açıb-oxuyurlar, nə bir kitab üzünə baxıblar, nə internetdə işləyirlər. İndi də siyasətbazlığı özlərinə dolanışıq yolu seçiblər".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə