"Əli Kərimli və İsa Qəmbər xarici təşkilatların əlində çomaqdırlar” Partiya rəsmisi

Niyaməddin Orduxanlı: “Bu hal beynəlxalq təşkilatların Əli Kərimli və İsa Qəmbərə “birləşmək” tapşırığı verənədək davam edəcək”

"Radikal müxalifət düşərgəsində səmimi birlik heç vaxt olmayıb və olacağı da inandırıcı deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Əli Kərimli və Cəmil Həsənlinin "Siyasi Partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzi"nin "Azərbaycanda demokratiyanın vəziyyəti" mövzusunda keçirdiyi konfransa qatılmamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Əli Kərimli və Cəmil Həsənlinin bu tədbirə qatılmamasına səbəb İsa Qəmbər və Mirmahmud Mirəlioğlunun orada olması olub: "Bu adamların bir-birinə olan nifrəti artıq patoloji həddə gəlib çatıb. Digər tərəfdən isə, radikal müxalifət düşərgəsində səmimi birlik heç vaxt olmayıb. Əksinə, onların arasında münasibət hər seçkidən sonra bir-birini təhqir etmək, aşağılamaq, mediada ona qarşı kampaniya aparmaq həddində olub".

N.Orduxanlı vurğulayıb ki, hazırda bu düşərgə arasında münasibətlər çox pis vəziyyətdədir: "Bu proses hər hansı bir beynəlxalq təşkilat tərəfindən Əli Kərimli və İsa Qəmbərə "birləşmək" tapşırığı verənədək davam edəcək. İndiyə qədər bu iki şəxs arasında baş tutan birgə fəaliyyət birbaşa beynəlxalq təşkilatların tapşırığı ilə olub. Bu hal isə həmin beynəlxalq təşkilatların Azərbaycana qarşı "təzyiq" etmək niyyətləri olanda baş verir. Hesab edirəm ki, Əli Kərimli və İsa Qəmbər həmişə bu təşkilatların əlində çomaq rolunu oynayıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə