Millət vəkili: "Ermənilərin irəli sürdüyü iddialar dünya tərəfindən qəbul edilmir” AÇIQLAMA

“Ermənistan öz dövlətini Azərbaycan torpaqları üzərində yaradıb”

"Xalqların öz müqəddəratını təyinetməsi o halda baş verir ki, buna ilk növbədə hər iki dövlət razılıq versin". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq qərarlarda ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququnun qeyd edilməsinə münasibət bildirərkən deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, məhz erməni millətçilərinin apardığı siyasət də işğalçı ölkənin yaşadığı bütün yerlərdə erməni dövlətinin yaradılması siyasətidir: "Əslində bu, dünya üçün çox pis nümunədir. Çünki belə olan təqdirdə gərək dünyada 200 yox, 200 min dövlət olsun. Bu gün ayrı-ayrı dövlətlərin tərkibində kompakt milli icmalar yaşayır. Hər bir icma öz dövlətini yaratsa, bu zaman dünyada hansısa iqtisadi inkişaf tempindən, əməkdaşlıqdan və harmoniyadan söhbət gedə bilməz. İlk növbədə, Ermənistan öz dövlətini Azərbaycan torpaqları üzərində yaradıb. İkincisi isə işğalçı rejimin yüz minillik Azərbaycanı parçalaması artıq ölkəmizin ərazi bütövlüyünün pozulması deməkdir. Ermənilərin irəli sürdüyü iddialar artıq çoxdandır ki, dünya tərəfindən qəbul edilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə