Partiya sədrinin müavini: “Müsavatda heç bir irəliləyiş baş verməyəcək” MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Vaqif Abışovun SİA-ya müsahibəsi
- Vaqif müəllim, "Milli Şura", AXCP, Müsavat kimi partiyalar xarici qüvvələrdən qrant almaq üçün bir-birləri ilə mübarizə aparırlar. Bütün bunların fonunda bu partiyaları real müxalifətçilər adlandırmaq olarmı?
- Azərbaycanda siyasi sabitlik hökm sürür. Biz bunu bir şəxs olaraq demirik, bunu həm daxildə gedən hadisələr, həm Avropa Birliyi, həm də Avropa Şurası və digər dünya dövlətləri etiraf edir ki, Azərbaycanda bütün sferalarda inkişaf tempi davam edir. Belə olmasaydı bu və ya digər formada xarici kütləvi informasiya vasitələrində ciddi tənqidə məruz qalardıq. Aparılan daxili və xarici siyasət, balanslaşdırma, digər dövlətlərlə qurulan ikitərəfli əlaqələr onu göstərir ki, doğurdan da yeridilən siyasət bu günü və gələcəyi nəzərdə tutub. Bu təbii ki, bu sevindirici haldır. Mən belə fikirləşirəm ki, belə bir möhkəm dayaqlara malik olan dövlətçiliyi laxlatmaq çox çətindir. İstər xarici, istərsə də daxili qüvvələr Azərbaycanda çaxnaşmanın yaranmasında, stabilliyin pozulmasında maraqlıdırlar. Onların bu arzularının reallaşması isə mümkün deyil. Azərbaycan xalqı stabil bir hakimiyyət, möhkəm dövlətçilik istəyir. Buna adekvat olaraq dövlət bu istəkləri görür və nəzərə alır, o siyasəti yeridir.
- Sizə elə gəlmirmi ki, Azərbaycanda maraqları olan xarici dairələr siyasiləşmiş QHT-lərdən, eləcə də işğalçı Ermənistandan alət kimi istifadə edirlər?
- Onu deyim ki, bu gizlədiləcək bir məsələ deyil. İstər KİV-lər, istər internet resursları vasitəsilə aydın görünür ki, doğurdanda elə QHT nümayəndələri var ki, xarici qüvvələrin 2000-3000 dollarına, lap olsun 500000 dollarına göz dikirlər. Amma bununla vətəni satmaq olmaz. Çox təəssüf ki, bu pullara aldanıb Ermənistanın xüsusi xidmət orqanlarının, digər Azərbaycana qarşı olan qonşu dövlətlərin dəstəyi ilə niyyətlərini həyata keçirmək istəyənlər var. Belə bir addımlar həmişə olub. Lakin bunu etmək düzgün deyil.
- Xarici QHT-lərin Azərbaycandakı fəaliyyətlərinin nəzarətə alınmasının qanunla tənzimlənməsi nəzərdə tutulur. İndidən yerli və xarici siyasiləşmiş QHT rəhbərlərinin hay-küyləri nə dərəcədə əsaslıdır?
- Artıq bu məsələ KİV-lərdə də müzakirə olunur, adi vətəndaşlar da məsələyə öz münasibətlərini bildirirlər. Öz dövlətçiliyinə, xalqına, vətəninə, qanunlarına hörmət edən dövlət imkan verməz ki, ölkə daxilində xarici qüvvələr ona təzyiq etsin. Azərbaycan dövləti maliyyə ayıran qüvvələrdən xəbərdar olmalıdır. Məhz mühafizə orqanları, güc strukturları da bunun üçündür. Azərbaycana daxil olan kənar vəsaitlərin hansı istiqamətə yönələcəyi ciddi yoxlanılmalıdır. Bu günə kimi Azərbaycana qarşı ikili standartlar davam edir. Heç görün Ermənistanın işğalçı siyasətinə qarşı bir təzyiq aktı varmı? Demokratiya adından istifadə edərək dövlətlərə təzyiq edilməsinə imkan vermək olmaz. Əgər Milli Məclisdə bu qanun qəbul edilərsə, zamanı çatmış bir qanun olacaq.
- Sizcə, İsa Qəmbərin başqanlığının sona çatması Müsavatda hər hansı bir yeniliyə səbəb ola bilərmi?
- Cəmiyyətdə hər zaman yenilik ola bilər. Onu heç kim qabaqcadan deyə bilməz. Əgər dövlətçilik müdafiə olunacaqsa, xaricdən gələn maliyyə vasitəsilə sapmalar olmayacaqsa, partiyalar haqqında qanuna əməl olunacaqsa dəyişikliklər həmişə gözləniləndir. Yox, əgər əksinə olarsa, İsa Qəmbərdən sonra da Müsavatda heç bir irəliləyiş baş verməyəcək.
- Vaqif müəllim, qarşıdan bələdiyyə seçkiləri gəlir, seçkilərə hazırlıq BAXCP-də neçə aparılır və bu istiqamətdə hansısa yeniliklərin aparılması nəzərdə tutulurmu?
- Bizim partiya dövlətçilik, Azərbaycanın möhkəmləndirilməsi, torpaqlarımızın azad edilməsi yolunda həmişə çalışıb ki, öndə olsun. Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası 2002-ci ildə qurulub və bu günə kimi də dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çalışır. Ona görə də, istər parlament, istər prezident, istərsə də bələdiyyə seçkilərində həmişə aktiv iştirak edib. Bələdiyyə seçkiləri ilə bağlı artıq yerlərdə tapşırıqlar verilib. Artıq şənbə və bazar günləri partiya nümayəndələrimiz rayonlara ezam olunacaqlar. Lazımi təlimatlar yerinə yetiriləcək ki, əhali seçkilərdə aktiv iştirak etsin.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB