Millət vəkili AŞPA komitəsinin və İtaliya XİN-nin birgə konfransında iştirak edəcək

Millət vəkili AŞPA komitəsinin və İtaliya XİN-nin birgə konfransında iştirak edəcək

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya komitəsi ilə İtaliya Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi konfransda iştirak etmək üçün sentyabrın 16-dan 20-dək İtaliyada səfərdə olacaq. Bu barədə SİA-ya açıqlama verən S.Qafarova deyib ki, Roma şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasının bir meyar kimi qəbul edilməsi, qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi və xüsusi mexanizmlərin yaradılması barədə fikir mübadiləsi aparılacaq.

Ölkəmizdə insan alverinə qarşı mübarizədə uğurlu nəticələr əldə edildiyini vurğulayan millət vəkili əlavə edib ki, Azərbaycan gender bərabərliyinin qorunduğu, bununla bağlı müvafiq hüquqi beynəlxalq sənədlərə qoşulmuş ölkələrdəndir: "Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunun üçün mükəmməl və zəruri normativ-hüquqi baza yaradılıb, müvafiq təsisatlar fəaliyyətə başlayıb. Əlbəttə ki, həyata keçirilən səmərəli gender siyasəti Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradıb".

Deputat Romadakı müzakirələrdə bu məsələlərlə bağlı öz fikirlərini bölüşəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə