"Türkiyə ilə Azərbaycan münasibətlərinə iki dövlətin münasibətləri müstəvisində yanaşmaq bir çox yanlışlıqlara gətirib çıxara bilər. İstər tarixilik, istər müasirlik nöqteyi nəzərindən proseslərə baxdıqda belə qənaətə gəlmək olar ki, Azərbaycanın dünya dövlətləri içərisində güman və güvənc yeri Türkiyədir. Güman və güvənc kiməsə söykənməkdən, həyatın məcburiyyəti üzündən məhz buna məhkumsan müstəvisində yox, sadəcə eyni kökdən olan bir millətin, iki dövlətin düşüncəsi müstəvisindən yanaşmaq lazımdır". Bu fikirləri SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Azərbaycan tarixən zaman qarşısında çətin məqamlara düşəndə Türkiyə harayına çatıb: "Elə 1918-ci ildə də məsələni zaman çox gərgin qoymuşdu. Azərbaycan ya ayağa durub dövlət müstəqilliyini elan etməli, dünya dövlətləri ilə bir boyda dayanıb bəyan etməli idi ki, mən millətəm, mən varam, ya da susub, əzilib, mayeyə dönüb ayrı-ayrı dövlətlərin istəklərinə boyun əyməli, parçalanmalı idi. O zaman Cümhuriyyət liderləri bu reallığı dərk etdilər və ayağa qalxaraq dövlətin yarandığını elan etdi. Ancaq harada elan etdi? Tiflisdə. Yad bir ölkədə. Vətənin müstəqilliyi qərib ölkədə elan olunur. Amma müstəqilliyi elan olunan Azərbaycanda bolşevik adlanan, özlərinə tarixin müxtəlif məqamlarında müxtəlif libaslar geyinən ermənilər hakimiyyətdə idi. Ordusu, donanması, Çar Rusiyası dövründə hərbidən məhrum olunan bir millət müstəqilliyini elan etsə də bu kağız üzərində qala bilərdi. Bunu reallığa çevirmək üçün o dövrdə Şaumyanın rəhbərlik etdiyi daşnak-erməni-bolşevik qrupuna qalib gəlmək lazım idi. Həmin dövrdə millətin gözü qırılmışdı. Mart soyqırımı törədilmiş, insanlar Bakını tərk etmişdilər. Belə olan məqamda kimlə elan olunmuş istiqlaliyyəti reallaşdırmaq olardı? Belə bir zamanda tanrı türk qardaşımız Nuru Paşanı bizə yetirdi. Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu və Azərbaycan qüvvələri birləşib sentyabrın 15-də Bakını işğaldan azad etdilər".
Millət vəkili vurğulayıb ki, Bakının azad edilməsinə sadəcə Cümhuriyyətin yaranması kimi baxmaq olmaz: "Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində süqut etsə də bu dövlət Azərbaycanın sərhədlərini, paytaxtını müəyyən etdi, parçalanmaqdan qurtardı. Məhz həmin sərhədlər hüdudunda Sovet hökumətinin tərkibinə daxil oldu. Bir anlığa parçalanmış Azərbaycan Şura hökumətinin tərkibinə daxil olsa da 1991-ci ildə SSRİ dağılan zaman bir məmləkət formasında müstəqil oldu. Azərbaycan 70 il SSRİ tərkibində yaşadı, inkişaf etdi, susmadı, mayeyə dönmədi. Heç bir ali təhsil müəssisəsi olmayan Azərbaycan 16 ali təhsil ocağı ilə imperiyanın tərkibindən ayrıldı. Bu da millətin özünün qüdrəti idi".
"Azərbaycanın ən çətin məqamlarında ulu öndər Heydər Əliyevlə Süleyman Dəmirəlin münasibətləri Azərbaycanın xilası yolunda atılan bir addım idi. Bu gün isə İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan münasibətləri sübut edir ki, bu sadəcə iki dövlət münasibətləri deyil, iki qardaş münasibətidir. Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçiləndən sonra ilk səfərini Azərbaycan etməsi, verilən bəyanatlar, hərbi əməkdaşlığın ən yüksək səviyyəyə çatması, ərazilərimiz işğal olunan zaman Türkiyənin Ermənistanla sərhədlərini bağlaması və digər məsələləri tarixi həqiqətləri sisteminə alsaq deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətləri nümunə ola biləcək münasibətlərdir", F.İbrahimli vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB