Elman Nəsirov: “Hər iki ölkənin münasibətləri strateji xarakter daşıyır”
"Azərbaycan dövlətinin xarici siyasətində ikitərəfli münasibətlər formatı ön plandadır". SİA-nın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov "Azərbaycan-Qazaxıstan xalqlararası münasibətlərin inkişafı prosesində gənclərin rolunun artırılmasını təmin etmək" mövzusunda fikirlərini bildirərkən deyib.
Elman Nəsirovun sözlərinə görə, Azərbaycan dövləti Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursuna görə, çoxtərəfli formatda müvəffəqiyyət qazanmaq üçün ikitərəfli formatda əlaqələrin inkişafına daha böyük üstünlük verməlidir: "Bu nəticədə dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi mənafeyinə xidmət edir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, burada qeyri-hökumət təşkilatlarının (QHT) da üzərinə böyük məsuliyyət düşür. Mən burada xüsusilə gənclər təşkilatlarını qeyd etmək istərdim. Bu baxımdan Azərbaycanın Gənc Diplomatlar Birliyinin fəaliyyəti təqdirəlayiqdir. Onların fəaliyyəti artıq bir neçə mühüm layihənin işıq üzü görməsinə, reallaşmasına gətirib çıxarıb. Həmin layihələr nəticə etibarilə gənc diplomatlar nəslinin formalaşdırılmasına və s. böyük stimul verir.
Bu gün Azərbaycan-Qazaxıstan arasındakı əlaqələr günü-gündən daha da genişlənir. Gənclər arasındakı münasibətlər inkişaf etdikdə isə bu, cəmiyyətin özünə təsir edir. Bu, iki dövlətin, xalqın münasibətlərinin yeni müstəviyə keçidinə münbit şərait yaradır. Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində tək Azərbaycanda deyil, eləcə də Qazaxıstanın paytaxtı Astana şəhərində də müxtəlif tədbirlərin (dəyirmi masalar, konfranslar və s.) keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, bundan qazanan hər iki tərəf olacaq. Burada Qazaxıstan dövlətinin seçiminin də özünəməxsus əhəmiyyəti var. Bildiyiniz kimi, bir çox hallarda Ermənistan prezidenti Serj Sarkisyan belə bir ifadə ilə çıxış edib: "Azərbaycan və Ermənistan arasında müharibə baş verərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri və Qazaxıstan dövləti Ermənistanın yanında olacaq". Onların düşüncəsi bu cür idi. Amma son zamanlar Sarkisyanın özü də etiraf etməyə başlayıb ki, əgər onlar KTMT çərçivəsində bir yerdə olsalar da Azərbaycan-Qazaxıstan arasında əlaqələr daha geniş və güclüdür. Bu bir daha təsdiqələyir ki, hər iki ölkənin münasibətləri xüsusi və strateji xarakter daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB