Fəzail Ağamalı "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsinin tərəfdarıdır

Fəzail Ağamalı "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsinin tərəfdarıdır

"Siyasi partiyalar üçün ayrılan vəsaitin bir hissəsinin partiyalara verilməməsi müəyyən suallar yaradırdı. Ona görə də təklif etmişdik ki, ayrılmayan vəsait parlamentdə təmsil olunan və dövlət büdcəsindən maliyyələşən partiyalar arasında proporsional qaydada bölüşdürülsün. Milli Məclisin yaz sessiyasında bu məsələni müzakirəyə çıxardıq və inanırdıq ki, təklifimizə müsbət yanaşılacaq, ancaq alınmadı. Ona görə də ola bilsin ki, parlamentin payız sessiyasında "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilsin". SİA-ya açıqlamasında məsələyə münasibət bildirən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu dəyişikliyin tərəfdarıdır.

Onun sözlərinə görə, bir sıra millət vəkili təklif edir ki, partiyalar üçün nəzərdə tutulan maliyyə vəsaiti yenidən bölünməlidir: "Siyasi partiyaların maliyyələşməsində yerdə qalan 10 faizlik vəsaitlə Milli Məclisdə təmsil olunan siyasi partiyalar müəyyən işlərini görə bilərlər. Dəfələrlə məsələ ilə bağlı parlamentdə fikir bildirmişəm ki, siyasi partiyaların maliyyələşməsində yerdə qalan 10 faiz vəsait proporsional şəkildə parlamentdə təmsil olunan partiyalar arasında bölünsün. Bu vəsait partiyaların fəaliyyətinin güclənməsinə müəyyən imkanlar yaradardı. Əgər dəyişiklik olsa, bunu ancaq alqışlamaq qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə