Elçin Mirzəbəyli: “Bu qüvvələrin Azərbaycanda da maraqları var” AÇIQLAMA

""Freedom House" kimi beynəlxalq təşkilatlar müxtəlif xarici qüvvələr tərəfindən idarə olunur və həmin qüvvələrin maraqlarını ifadə edirlər". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli "Freedom House" təşkilatının "Azərbaycanda "siyasi məhbusların" sayının artması və bununla Azərbaycanın Avropa Şurasını məsxərəyə qoyması" ilə bağlı yaydığı bəyanatına münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, bu qüvvələrin Azərbaycanda da maraqları var: "Onlar Azərbaycan ərazisində öz istəklərinə uyğun reallıqlar formalaşdırmağa çalışırlar. Lakin Azərbaycan ictimaiyyətinin ölkənin müstəqilliyinin keşiyində dayanması, Azərbaycan dövlətinin nümayiş etdirdiyi mövqe onların bu layihələrinin qarşısını alır. Təbii ki bu da son nəticədə qərəzli hesabatların ortaya çıxmasına səbəb olur".

Elçin Mirzəbəyli hesab edir ki, "Freedom House" təşkilatının bu mövqeyi həmçinin 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlıdır: "Hər beynəlxalq tədbirdən öncə həmin təşkilatlar ölkəmizin ünvanına qərəzli bəyanatlar yağdırmağa başlayırlar. Eyni proses "Avroviziya" mahnı müsabiqəsi öncəsi də baş vermişdi. İndi faktiki olaraq eyni hadisənin təkrarı baş verir. Bu baxımdan da həmin təşkilatın bu yanaşmasını yeni bir hadisə kimi dəyərləndirmək olmaz".

Politoloq əlavə edib ki, yaxşı olardı ki "Freedom House" bu gün Avropada, eyni zamanda ABŞ-da baş verən proseslərə diqqət yetirsin: "Bu təşkilat dünyanın ayrı-ayrı ölkələrində silah yolu ilə demokratiya qurmaq istəyən Qərbin yürütdüyü siyasətin mahiyyətinə diqqət yetirməlidir. Bununla belə qurum İraqda, Əfqanıstanda, Liviyada, Suriyada baş verən hadisələrdə günahkar olan Qərb siyasətçilərinin iç üzünü ortaya çıxarmalıdır. Bu gün Azərbaycanı Liviyaya, Suriyaya çevirə bilməyən qüvvələr təbii ki, öz qərəzli mövqelərini "Freedom House" kimi təşkilatların hesabatları ilə ortaya qoyurlar. Azərbaycan xalqının bütün məsələlərdə mövqeyi birmənalıdır. Belə hesabatlar prinsip etibarı ilə nə Azərbaycan ictimai rəyinə, nə də tutduğu mövqeyinə hansısa təsir göstərmək gücünə malikdir".

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə