“Yeni Müsavat” AXCP ilə bağlı susqunluğa SON QOYDU

Azər Ayxan: “Sussaq, cavablarını vaxtında verməsək üstümüzə gələcəklər”
“Yeni Müsavat” AXCP ilə bağlı susqunluğa SON QOYDU

"Yeni Müsavat" qəzetinin baş redkatorunun müavini, köşə yazarı Azər Ayxan AXCP sədri Əli Kərimli və "Azadlıq" qəzeti ilə aralarında olan uzunmüddətli susqunluğu pozub. SİA-nın məlumatına görə, Azər Ayxan təmsil olunduğu qəzeti və partiyanı xəyanətdə, hakimiyyətə işləməkdə ittiham edən qarşı tərəfi öz köşə yazısında sərt şəkildə tənqid edib. Belə ki, "Yeni Müsavat"ın əməkdaşı AXCP-ni Azərbaycan siyasətinin xəstə "uşaqları" adlandıraraq yazıb ki, onların uzun illərdən bəri yaşlarının üstünə yaş gəlməsi də köməklərinə çatmır: "Neçə gündür bu macəraçı-avantürist dəstəsi bizə sataşmaqla məşğuldur qəzetlərində. Düzdür, adımızı çəkmirlər, amma çəksələr ondan yaxşıdır. Öz aləmlərində adımızı çəkmədən bizi ictimai qınaq hədəfinə çıxarırlar. Ötən dəfədən dərslərini elə vermişik ki, əslində adlı tənqidə cürət etmirlər. Amma bu dəstənin mahiyyətinə yaxşı bələdik; sussaq, cavablarını vaxtında verməsək üstümüzə gələcəklər. Sonra da... Sonra zatən hamıya bəlli. İllərdi bu cür davam edir - Əli Kərimli və onun qaragüruh dəstəsi, zombiləşmiş tərəfdarları barəmizdə ağızlarına gələni yazırlar, deyirlər. Dinmirik, cavab vermirik ki, bəlkə yorulub bu qara PR-dan əl çəkələr. Görəndəki yox, sərhədi çox keçdilər, özlərinə layiq formada ağızlarının payını alırlar və bir neçə ay susurlar".

Azər Ayxan "Yeni Müsavat" qəzetinin rəhbərliyini dövlət tədbirlərinə qatılmaqda ittiham edən, xüsusilə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi müşavirəsinə qatılanları hədəfə alan Əli Kərimlini "klaviatura qəhrəmanı" adlandırıb və yazısında 21 il öncə baş verən hadisələri xatırladıb: "1993-cü ilin iyununda adına qiyam deyib şişirtdikləri teatrın ilk səhnəsi oynanıb başa çatmamış panik şəkildə iqtidardakı vəzifələrindən istefa verdilər. Əli Kərimli o zaman dövlət katibi postunu tuturdu. Adam postunu qoyub gizli şəkildə Bakını tərk etdi. Xeyli Kələkidə və başqa yerlərdə gizləndi, baş girlədi…Tarixdə dərin iz buraxmış biabırçılıqlara, fərariliyə imza atanlar, o səhnələrin baş rol ifaçıları qəhrəmanlıqdan, prinsipiallıqdan dəm vururlar. Əli Kərimli o zaman hardaydı ki, onun partiyasında bir adam tapılmırdı ki, təşkilata rəhbərlik etsin. Rəhmətlik Elçibəy Kələkidən Bakıya, İsa Qəmbərə məktub yazıb xahiş etdi ki, öz müavinlərindən birini müvəqqəti olaraq AXC-yə yolla, partiyaya rəhbərlik etməyə kimsə yoxdur".

"Bu işlərin müəllifləri bizə əxlaq, prinsipiallıq və müxalifətçilik dərsi keçir"-deyə yazan Azər Ayxan həmçinin qeyd edib ki, xalqı, dvləti qoyub-qaçanları yenidən siyasətə buraxdıqlarına görə səhv ediblər: "Gərək zamanında xalqı, dövləti, tərəfdarlarını qoyub qaçanları Bakıya və siyasətə buraxmayaydıq. Onlar da indi bizim üstümüzə-üstümüzə gəlib ağızlarına gələni danışmaz, yazmazdılar…Azərbaycanda repressiya tüğyan edir, demokratiya boğulur" deyən müxalifət lideri niyə bu duruma qarşı etiraz aksiyaları keçirmir? Əli Kərimli bu saat meydanlarda olmalıdır, başının dəstəsi ilə etiraz aksiyalarında baş yardırmalıdır. Amma adam "klaviatura qəhrəmanlığı" ilə məşğuldur. Facebookda bizə dərs keçməyə başlayıb, mübarizə aparmaqla bağlı statuslar yazır. Necə bir vaxtlar Kələkidə, orda-burda gizlənirdi, indi də kompüter arxasında gizlənir".

"Yeni Müsavat"ın redaktor müavini nəhayət AXCP-çiləri onlar üçün milçək olduğunu bildirib: "Xalqın gözündə statusu olmayanlar gündə yüz facebook statusu yazsalar da xeyri yoxdur. Heç bizim üçün də bu adamların varlığı ilə yoxluğunun bir önəmi qalmayıb artıq. Sadəcə, bəzən adam milçəköldürən kimi tərif olunan məişət alətinə əl atmaq məcburiyyətində qalır...".

Xatırladaq ki, sonuncu prezident seçkilərindən sonra AXCP ilə "Milli Şura"da təmsil olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər adıçəkilən qurumu sifarişlə işləməkdə və Qərb dəyərlərinə xidmət etməməkdə ittiham edərək oranı tərk etmişdi. Bundan sonra AXCP Müsavat Partiyasını hakimiyyətə işləməkdə ittiham etmiş və tərəflər arasında ciddi qarşıdurmalar baş qaldırmışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə