Elman Nəsirli: “ABŞ-ın bu prosesdə fəal tərəfə çevrilməsi təsadüfi sayılmamalıdır” AÇIQLAMA
"Görüş çərçivəsində Con Kerri münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını vurğulayıb və eskalasiyanın qarşısını almaq üçün tərəfləri mümkün çıxış yolları tapmağa çağırıb". Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.
Elman Nəsirli eyni zamanda bildirib ki, Con Kerri həmçinin tərəflər arasında etimadın yüksəldilməsinə də diqqət çəkib: "Bundan başqa, dövlət katibi danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etməsinin əhəmiyyətini vurğulayıb və münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bildirib. O, həmçinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradənin vacibliyini qeyd edib".
Politolq sammit çərçivəsində Azərbaycan Prezidentinin Əfqanıstanla bağlı çıxışına toxunub: "Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-NATO əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyindən bəhs edib və NATO-nun ətrafındakı hərbi əməliyyatlarda Azərbaycanın hər zaman dəstək verdiyini vurğulayıb. Ölkə başçımız bildirib ki, Azərbaycan NATO-nun təhlükəsizlik sahəsindəki fəaliyyətinə konkret töhfələr verir. Ümumiyyətlə, Azərbaycan regional təhlükəsizliyə, əməkdaşlığa çox ciddi töhfə verən tərəfdaşdır. Amma təəssüf ki, region üçün ən ciddi təhlükə mənbəyi Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır ki, bunun nəticəsində ərazimizin 20 faizi işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqınlarımız var. Belə olan təqdirdə ölkə Prezidenti qeyd edib ki, Azərbaycan tərəfi NATO-nun bundan əvvəlki sammitlərində qəbul edilmiş yekun sənədlərə və həmin sənədlərdə əksini tapmış münaqişələrin ərazi bütövlüyü yolu ilə həlli prinsipinə hörmətlə yanaşır və NATO-nun bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirir. İlham Əliyev qeyd edib ki, NATO-nun budəfəki sammitində də anoloji addımlar atılacaq və ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli ilə bağlı öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirəcəkdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Con Kerrinin rəhbərliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi özü-özlüyündə müsbət hadisə olsa da Ermənistanın mövqeyində pozitiv bir dəyişikliklərin elementləri hiss olunmur".
Elman Nəsirli hesab edir ki, Serj Sarkisyanın Soçi danışıqlarından sonra yaydığı bəyanatlar nəzərə alınarsa, Uelsdə baş tutan görüşdən sonra da sərsəm bəyanatlarla çıxış edəcək: "Lakin Soçi görüşündən sonra Ermənistana qayıdan Serj Sarkisyanın sərsəm və hədə-qorxu dolu bəyanatlarla çıxışı fonunda görüşün nə dərəcə effektiv olacağına və mövqelərin nə dərəcədə yaxınlaşacağına cavab vermək çətindir. Soçidə Azərbaycan Prezidenti qətiyyətli mövqedən çıxış edib. Sarkisyanın belə davranışı göstərir ki, Rusiya Azərbaycana daha loyal mövqedə dayanır, nəinki Ermənistana. Sarkisyan belə bəyanatlar yaymaqla çalışır ki, daxili auditoriyanı sakitləşdirsin. Bu reallıqlar fonunda Sarkisyan danışıqlara gedərsə, Ermənistanın konstruktiv mövqe ortaya qoyacağına ümidlər azalır. Onun son davranışı belə bir nəticəyə gəlməyə imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB