Təhmasib Novruzov: “Axı Seymur Həzi Azərbaycan cəmiyyəti üçün kimdir?!”

"15-20 ildir ki, müxalif qüvvələr, xüsusilə də AXCP sədri Əli Kərimlinin başçılıq etdiyi çete həmişə adi bir məsələni şişirtməyi özlərinə peşə seçiblər". Bunu SİA-ya açıqlamasına Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov AXCP funksioneri və "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həzinin xuliqanlıq etdiyinə görə polis tərəfindən saxlanmasından sonra AXCP sədri Əli Kərimlinin siyasi şou yaratmasına münasibət bildirərkən deyib.

Təhmasib Novruzov qeyd edib ki, bu gün ölkəmizin dünya miqyaslı tədbirlər ərəfəsində olduğu bir vaxtda hakimiyyətdə təmsil olunanlardan kiminsə o qədər boş vaxtı yoxdur ki, Seymur Həzi kimi sıradan bir adama qarşı hakimiyyət adından qurğu qursun: "Axı, Seymur Həzi cəmiyyət üçün kimdir? Onun lideri Əli Kərimli nəyə qadirdir ki, partiyanın adı bir üzvü və ya müşaviri nəyəsə qadir ola, hakimiyyət üçün təhlükə ola?! Adətən dünya təcrübəsində iqtidar müxalifətə o zaman müxtəlif yollarla təzyiq göstərməyə çalışır ki, onlar hakimiyyət üçün real təhlükə mənbəyidirlər və siyasi arenada xüsusi bir çəkiyə, gücə malikdirlər. Amma nə Əli Kərimli, nə də onun partiya üzvləri Azərbaycan hakimiyyəti üçün təhlükə deyil və nəyəsə nail olmaq iqtidarında da deyillər. Buna görə də fikirləşirəm ki, niyə də Azərbaycan hakimiyyəti dəyərli vaxtını bu kimi adamlara sərf etsin?!".

Birliyin sədri həmçinin bildirib ki, o uzun illərdir ki, bu kimi oyunların şahidi olur: "Küçədə bir-birləri ilə dalaşan müxalifətçilər sonra hay-küy salırlar ki, bunu hakimiyyət təşkil edib və filankəsi döydürüb. Bu baxımdan, danışdığımız bu məsələ də həmin sıradan olan oyunlardan biridir. Mənə elə gəlir ki, hakimiyyət bu cür məsələlərə arı vızıltısı kimi yanaşmalı, heç əhəmiyyət belə verməməlidir."

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə