"Ermənistan bu addımları Azərbaycana gözdağı vermək üçün atır" Münasibət
"Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Azərbaycan dövlətinin iştirakı mühüm məsələdir. Ümumilikdə götürdükdə isə Ərdoğan hakimiyyətinə ümidlərimiz çoxdur. Ona görə də Azərbaycan və Türkiyənin strateji dostluğu çərçivəsində Dağlıq Qarabağ probleminin həllinin tezləşdirilməsi üçün daha mühüm şərait yaradılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, iki dövlət arasındakı münasibətlər əslində xalqımızın qardaşlığını və nə qədər yaxın olduğunu müəyyənləşdirir: "Hakimiyyətdə kimin olmağından asılı olmayaraq, bu münasibətlər möhkəm və prinsipial bir dəyişikliklə müşayiət oluna bilməz. Təbii ki, dövlət başçılarının yaxın münasibəti mövcud problemin həllinin tezləşdirə bilər".
N. Cəfərov həmçinin qeyd edib ki, ermənilər həmişə arzuladıqları xəyalları müxtəlif yollarla həyata keçirməyə cəhd edirlər: "Lakin Türkiyə artıq ermənilərə lazımi jestləri edərək bəyan etdi ki, Dağlıq Qarabağ probleminin həllinə yardımçı olmalıdırlar. Ancaq həmişəki kimi, ermənilər bunu etmədilər. Ona görə də bundan sonra Ərdoğandan hər hansı bir jesti gözləmək düzgün olmazdı. Ermənistan Dağlıq Qarabağ başda olmaqla, Azərbaycanın işğal etdikləri torpaqlarını azad etməyincə heç bir sərhədin açılmasından söhbət gedə bilməz. Bunu həm Türkiyə xalqı, həm də Ərdoğan baş nazir olanda etiraf edib".

İşçi qrupunun üzvü Fazil Mustafa Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin yeni prezidenti R.T.Ərdoğanı İrəvana dəvət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Onun fikrincə, Sarkisyanın Ərdoğanın andiçmə mərasimindən sonra belə bir addım atması olduqca yanlış yanaşmadır: "Ümumiyyətlə Ermənistanın Türkiyəyə qarşı bu hərəkəti adekvat davranış deyil. Bütün hallarda Ermənistan Azərbaycana gözdağı vermək üçün Türkiyəyə bu cür addımlar atmağa maraqlıdır. Odur ki, Türkiyə gərək buna rəvac verməsin. Çünki Türkiyə son dövrlərdə Ermənistanın işğalçılıq siyasətinin güclənməsi, eləcə də Azərbaycan əsgərlərinin ölümü və başqa faktorları nəzərə alaraq, bu addımları atmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB