"Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində hazırlanmış və 23 yanvar 2014-cü il tarixdə Bakıda imzalanan "Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə bu gün Türkiyənin 5 dövlət orqanını təmsil edən 10 nəfər dövlət qulluqçusundan ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinə Türkiyənin Dövlət Kadrlar İdarəsinin, Ədliyyə Nazirliyinin, Əmək və Sosial Müdafiə Nazirliyinin, Maliyyə Nazirliyinin və Sosial Müdafiə Qurumu İdarəsinin təmsilçiləri daxildirlər.
Bu gün Türkiyəli dövlət qulluqçuları üçün Azərbaycanın dövlət qulluğu sistemi və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti barədə Komissiya əməkdaşlarının təqdimatları olub.
Tədbirdən öncə qonaqları salamlayan Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Türkiyə ilə Azərbaycan xalqlarının qardaş xalq olduğunu və dövlətlərimiz arasında olan münasibətlərin strateji xarakter daşıdığını vurğulayaraq qeyd edib ki, Türkiyəli dövlət qulluqçularının bu səfəri təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan altıncı səfərdir. Qarşılıqlı səfərlərin dövlət qulluğu sahəsində iki qardaş ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyi də nəzərə çatdırılıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namik Ata çıxış edərək dövlətlərimiz arasında olan münasibətlərin dostluq və qardaşlıq münasibətlərinə bir örnək olduğunu vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri Türkiyənin Dövlət Kadrlar İdarəsinin şöbə müdiri çıxış edərək dövlət qulluğu sahəsində qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu qeyd edib.
Sonra Komissiyanın əməkdaşları "Azərbaycan Respublikasında dövlət qulluğu sistemi", "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul", "Dövlət qulluğuna dair qanunvericilik" və "Etik davranış qaydaları" mövzularında təqdimatla çıxış ediblər.
Türkiyəli dövlət qulluqçularının səfəri avqust ayının 29-dək davam edəcək. Bu müddət ərzində qonaqlar üçün Maliyyə Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətlərini əks etdirən təqdimatlar ediləcək. Bundan başqa qonaqlar qeyd olunan dövlət orqanlarına gedəcək və bu qurumların fəaliyyəti ilə əyani tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB