Mərkəz direktoru: “Rusiya addım-addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə doğru gedir”

Mübariz Əhmədoğlu: “Soçi görüşünün keçirilməsi Azərbaycanın uğurudur və bundan sonra gedən proseslər də onun sübutu olacaq”
Mərkəz direktoru: “Rusiya addım-addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə doğru gedir”

"Soçi görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin finiş xəttinə yaxınlaşması deməkdir". Bunu SİA-ya Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Onun sözlərin görə, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək Soçi görüşü Dağlıq Qarabağ münaqişəsi il bağlı qaranlıq məqamları üzə çıxarıb: "Rusiya prezidenti Vladimir Putinin əvvəlki prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmirdi. Ancaq, hazırda yaranan şərait məcbur edir ki, Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olsun".

Politoloq bildirib ki, hazırda Qafqazda da Qərblə Rusiya arasında qarşıdurma sərtləşib: "Xüsusən bu qarşıdurmanın sərtliyi Ermənistanla əlaqəli məsələlərdə özünü daha çox büruzə verir. Bir müddət öncə ABŞ-ın Ermənistandakı səfiri Con Xefferen bəyan etdi ki, Ermənistan hökuməti anti-Rusiya sanksiyalarına qoşulmalıdır. Buna isə Rusiya səfiri təhqirli reaksiya verdi. Bu hadisədən dərhal sonra Dağlıq Qarabağda vəziyyət kəskinləşdi".

Mərkəz direktoru deyib ki, Rusiyada elə başa düşürlər ki, ABŞ həm siyasi, həm hərbi cəhətdən erməniləri aktivləşdirib: "Ona görə də Rusiya gözlənilmədən bu təklifi irəli sürdü. İndi bu məsələdə mürəkkəblik yaradan amillər var. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib ki, həmsədrlər Soçi görüşündə iştirak etməyəcəklər. Amma Ermənistan hökuməti bildirmişdi ki, guya bu təşəbbüsü Rusiya tərəfi yox, həmsədrlər irəli sürüb. Sanki ABŞ və Ermənistan arasında anlaşma var ki, bu məsələdə Rusiyanın rolunu kiçiltsinlər. Bu gün də Rusiyanın Ermənistana münasibəti sonadək formalaşmayıb. Yəni Rusiyada başa düşürlər ki, Ermənistan xaindir. Onlar bilirlər ki, SSRİ-ni dağıdan ermənilər Rusiyanı da məhv etməyə hazırdırlar. Amma Rusiyaya Ermənistanın Gömrük İttifaqına daxil olması lazımdır. Çünki Rusiya istəyir ki, Qərbə qarşı tətbiq etdiyi sanksiyalarda Ermənistan da anti-Qərb bəyanatlar versin. Ona görə Rusiya maraqlıdır ki, Ermənistan təcili Gömrük İttifaqına qoşulsun. Ancaq Belarus və Qazaxıstan Ermənistanın Gömrük İttifaqına daxil olmasına razılıq vermir. Onlar düşürlər ki, Ermənistan indi bu ittifaqa qoşulsa, Azərbaycan və Türkiyə Gömrük İttifaqı il münasibətlərini tamamilə kəsəcək. Ona görə də belə bir mürəkkəb vəziyyət yaranıb. Bu mürəkkəblik fonunda həm Rusiya ilə Qərb arasındakı qarşıdurma, və Rusiyanın Ermənistan münasibətindəki qeyri-müəyyənlik indiki dövrü xarakterizə edən ən mühüm elementdir.

"Proseslərin gedişi göstərir ki, Rusiya addım-addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə doğru gedir. Rusiya Ermənistanla imzaladığı qaz müqaviləsinə belə bir şərt daxil edib ki, Ermənistan Rusiyanın razılığı olmadan ondan aldığı qazı sərhəddindən kənara çıxara bilməz. Yəni, Dağlıq Qarabağa verə bilməz. Bu yaxınlarda "Qazprom Armenia" Gorusdan Xankəndinə gedən qaz kəmərini öz balansından çıxartdı. Bu isə o deməkdir ki, az sonra Rusiya həmin kəmər vasitəsi ilə qaz nəqlini dayandıracaq. Bundan başqa Rusiya xarici işlər naziri Sergey Lavrov həm Bakıda həm də İrəvanda olarkən çox vacib bəyanatlar verdi ki, status-kvo dəyişilməlidir və Dağlıq Qarabağ münaqişəsinin həllində praktiki addımların atılmasının vaxtıdır" – deyə, M.Əhmədoğlu bildirib.

M.Əhmədoğlunun sözlərinə görə, Rusiya Serj Sarkisyanı hər hansı bir razılaşmaya razı salsa belə bu müqavilə Ermənistan daxilində qəbul olunmayacaq: "Bu gün Ermənistan hərbçiləri ilə Serj Sarkisyan arasında anlaşılmamazlıq var. Çünki Ermənistanın hərbiçiləri Qərbə çox arxayındır. Bu gün Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan ordusu anti-Rusiyadır. Yəni, Ermənistan ordusu Azərbaycanla vuruşmağa hazırdır. Buradan da belə çıxır ki, Sarkisyanın sözü Ermənistanda qəbul olunmayacaq".

Politoloq deyib ki, Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında yeni keyfiyyət yaradıb: "Bütün hallarda yaranan vəziyyət Azərbaycanın xeyrinədir. Məhz Azərbaycanın apardığı siyasət Ermənistanı bu vəziyyətə salıb. Nəticəsi nə olursa, olsun Soçi görüşünün keçirilməsi Azərbaycanı uğurudur. Bundan sonra gedən proseslərdə onun sübutu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə