Fuad Muradov: "Ermənistana yardımlar dayandırılmasa, hadisələr Avropanın mərkəzində davam edəcək" Münasibət

Fuad Muradov: "Ermənistana yardımlar dayandırılmasa, hadisələr Avropanın mərkəzində davam edəcək" Münasibət

"Təəssüf ki, bəzi ölkələr hələ də Ermənistana maliyyə yardımı edir və bunun dayandırılmasına ehtiyac var. Həmçinin həmin şəxslərə qarşı cinayət işi açılmalıdır. Onların qarşısı alınmazsa, bu hadisələr Avropanın mərkəzində də müşahidə oluna bilər. Hesab edirəm ki, artıq Avropa ölkələri də bunun fərqindədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fuad Muradov Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsinin gündəmdə olub-olmamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsində NATO, ATƏT, Avropa Şurasında və digər beynəlxalq təşkilatlar qarşısında çıxış etməliyik və bununla da Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi gündəmə gələcək: "Müharibə və itki olmasını istəməzdik, lakin Ermənistan bu illər ərzində atəşkəsi mütəmadi pozur və mülki insanlar xəsarət alıb, ölüblər. Bu, beynəlxalq təşkilatların müdafiə etdiyi insan haqlarının pozulmasının bariz nümunəsidir".

Fuad Muradov deyib ki, mülki, hərbi cinayət törətmiş qrup, qondarma Dağlıq Qarabağ Respublikasına rəhbərlik edənlərin adları bəllidir: "Böyük dövlətlərin nümayəndələrinin onlarla görüşünə qadağa qoyulmalı, ölkələrin qara siyahısında onların adları qeyd edilməlidir. Son vaxtlar dünyada terrorizmə qarşı ciddi mübarizə gedir. Son hadisələr göstərir ki, beynəlxalq birlik separatizmə, terrorizmə qarşı birgə fəaliyyət göstərir. Hər hansı ölkənin torpağının işğal edilməsi və orada separatizmlə məşğul olmasına beynəlxalq ictimaiyyət xüsusi reaksiya verməlidir".

AVRONEST Parlament Assambleyasının növbəti sessiyasında Ermənistanın son günlər törətdiyi təxribatların gündəmə gətiriləcəyini deyən millət vəkilinin sözlərinə görə, nümayəndə heyətimiz dəfələrlə bu kimi hadisələr qabardıb: "Düşünürəm ki, bu istiqamətdə işlərimizi davam etdirməliyik. Məsələn, Ukraynanın ərazi bütövlüyünün pozulmasına reaksiya verildisə, 20 ildən artıqdır Azərbaycanda baş verən hadisələrlə bağlı mütləq oxşar addım atılmalıdır. Çünki iki ölkədə baş verən hadisələr arasında heç bir fərq yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə