Asim Mollazadə: “ATƏT-in Minsk qrupunun fəaliyyəti beynəlxalq siyasi turizmə bənzəyir”

Asim Mollazadə: “ATƏT-in Minsk qrupunun fəaliyyəti beynəlxalq siyasi turizmə bənzəyir”

"ATƏT-in Minsk qrupunun fəaliyyəti beynəlxalq siyasi turizmə bənzəyir". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Partiya sədri deyib ki, həmsədrlər dünyanın ən gözəl şəhərlərində "görüşlər" keçirirlər, bir-biri ilə söhbət edib dağılışırlar: "Elə buna görə də 20 ildən artıqdır ki, münaqişənin həlli yoxdur. Münaqişnin həll olunmamasının ən əsas səbəbi ATƏT-in Minsk qrupunun beynəlxalq hüquq normalarına arxalanmaması, ona müvafiq qərarlar hazırlamamalarıdır. Ona görə də münaqişənin həlli tapılmır".

"Azərbaycanın əraziləri işğal olunub. Bir qonşu digər qonşunun ərazilərini işğal edərək bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevirib. Lakin ATƏT-in Minsk qrupu bu məsələ ilə bağlı öz töhfələrini ATƏT və digər beynəlxalq təşkilatlara verməyib. Yəni təcavüzkara qarşı hər hansı bir sanksiya və təzyiq olunmur. Necə olur ki, Ukraynadakı hadisələrdən sonra Rusiyaya ciddi sanksiyalar tətbiq edilir. Amma Ermənistana qarşı heç bir sanksiya qəbul edilmir" deyə, A.Mollazadə bildirib.

Həmsədrlərin tez-tez dəyişməsi məsələsinə toxunan A.Mollazadə deyib ki, tez-tez dəyişmələrinə baxmayaraq, həmsədrlərin mövqeyində ciddi bir fərq görmür: "ATƏT-in Minsk qrupu tərəfindən Beynəlxalq Hüququn aliliyindən istifadə olunmadığına görə problem həll olunmur".

Bütün xəbərlər Facebook səhifəmizdə