Elçin Mirzəbəyli: “USAİD ABŞ-ın özündə də şəffaf qurum kimi qəbul olunmur” AÇIQLAMA

Elçin Mirzəbəyli: “USAİD ABŞ-ın özündə də şəffaf qurum kimi qəbul olunmur” AÇIQLAMA

"Ümumiyyətlə USAİD ABŞ-ın özündə də şəffaf qurum kimi qəbul olunmur". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda həyata keçirmək istədiyi təxribatçı hərəkətlərə münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ABŞ Dövlət Departamentinin bir qurumudur: "Həmin qurumun yaradılmasında da məqsəd sosial istiqamətli layihələrə dəstək verməkdən ibarətdir. ABŞ-ın özündə USAİD daha çox hüquq sahəsində islahatların aparılması ilə məşğul olub. Amma nədənsə USAİD başqa ölkələrdə mətbuat və digər məsələlərlə bağlı məşğuldur. Halbuki dünyada bilavasitə mətbuatla bağlı olan çoxsaylı fondlar var. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda medianın inkişafına 2,4 milyon dollar həcmində qrant ayırması şübhəsiz, öncədən də bəlli idi ki, buradakı bir neçə quruma yönəldiləcək. Hansı ki o vəsait Xədicə İsmayıl və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) üçün nəzərdə tutulmuşdu ki, onlar özlərinin təxribat xarakterli hərəkətlərini davam etdirsinlər.

Bir məqamı da qeyd etmək istərdim ki, ümumiyyətlə USAİD ABŞ-ın özündə də şəffaf qurum kimi qəbul olunmur. 2013-cü ildə qurumda baş vermiş korrupsiya faktına görə, ABŞ-ın Ədliyyə Nazirliyi araşdırmaya başlayıb və bu araşdırmalar hələ də başa çatmayıb. Təbii ki, korrupsiya faktının olduğu ortadadır. Bu korrupsiya faktı layihələrin maliyyələşdirilməsi nəticəsində ortaya çıxıb. Ofisin rəhbərlərindən biri küllü miqdarda vəsaiti özünün keçmiş hüquq məsləhətxanasındakı rəhbərinə verib. Bütün bunlar da müsabiqədən kənar baş verib. Bununla bağlı artıq ABŞ Ədliyyə Nazirliyində araşdırma aparılır. Yəni bu faktın özü də sübuta yetirir ki, qurumun fəaliyyəti şəffaf deyil. Çünki onun Azərbaycandakı fəaliyyətində də oxşar məqamlar ortaya çıxıb".

Bütün xəbərlər Facebook səhifəmizdə