Əli Həsənov: “ATƏT həmsədrləri fəaliyyətlərində dönüş yaratmalıdırlar” FOTO
Bu gün Azərbaycan Respublikasının Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib. Komitədən SİA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Baş nazirin müavini Əli Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də ABŞ-ın Azərbaycandakı səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib, bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Səfirlə fəaliyyət müddəti ərzində əvvəlki görüşlərini, R. Morninqstarın öz təşəbbüsü ilə Bakıdakı yataqxanada, Müşviqabadda və Gəncə şəhərində yeni salınmış qəsəbədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə yerində tanış olduğunu, səfirlik tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini minnətdarlıqla xatırladan Baş nazirin müavini cənab Əli Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiyanın, Fransanın, ABŞ-ın münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllində, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılması istiqamətində fəaliyyətlərinin hələ də bir nəticə vermədiyindən təəssüfləndiyini bildirən, Baş nazirin müavini münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin və fəaliyyətlərində dönüş yaradılmasının vacibliyini vurğulayıb.
Rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Səfir Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz xidmətlərini xoş təəssüratlarla yada salıb.
Sonda müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşlərdən aldığı təəssüratdan, onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaq istəyi olduğundan məmnunluğunu bildirən səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Qəbulda həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB