Politoloq: “Ukrayna və Ukraynadakı hadisələr hərtərəfli tədqiq edilməlidir”
"Avropa İttifaqı və Rusiya Federasiyası indi razılaşdıqları ilə Ukrayna hadisələrindən əvvəl razılaşsaydılar Ukrayna dağılmazdı". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu media nümayəndələri ilə birgə iyun ayı üçün keçirdiyi hesabat xarakterli konfransda çıxışı zamanı deyib.
Politoloqun sözlərinə görə, Ukraynanın ən məsuliyyətli dövründə hakimiyyətə gəlmiş Poroşenkonun vahid konsepsiyası yoxdur. Ən azı bu günədək üç müxtəlif düşüncə sahibi olan Poroşenko var. Bunlar Ukraynadakı prezident seçkilərindəki Poroşenko, Qərb liderlərinin iştirakı ilə V.Putinlə görüşən Poroşenko və inauqurasiya mərasimindəki prezident Poroşenkodur. Prezident kürsüsünə əyləşdikdən sonra da P.Poroşenkoda Ukrayna və Ukrayna ətrafında baş verənlərlə əlaqəli vahid mövqeli lider kimi görünmür. Maydandakı Veçeni əvvəlcə inkar edən Poroşenko sonrakı həftə Veçeyə qatılmalı oldu. Ukraynanın ictimai-siyasi mühitinin, yerli oliqarxların dəstəyini tam özününküləşdirə bilməyən Poroşenkodan Maydan da narazılığa başladı.
Poroşenkonun dəyişilməz və sarsılmaz dəstəyi Qərb ölkələrinin liderlərindəndir. Onun sülh planı tamamilə dəstəklənir. Hərbi planı isə dəstəklənmir və dəstəklənməyəcək. Qərb liderləri səmimi olaraq bu barədə P.Poroşenkoya bildiriblər. Poroşenkonun qarşısında duran ən mühüm məsələlər Maydanın mövcudluğu və Krım məsələsidir. Maydan davam edəcəksə, Poroşenko tam keyfiyyətli prezidentlik edə bilməyəcək. İctimai-siyasi mühitin hətta hakimiyyət təmsilçiləri Maydan faktorunu nəzərə alacaqlar. Bu isə Poroşenkonun fəaliyyətinin təsirini minimuma endirəcək. İkinci məsələ Krımla əlaqəlidir. Poroşenko inauqurasiya mərasimindən dərhal sonra Krımla barəsində öz xalqı ilə açıq söhbətə getməli, Krım məsələsinin həllini bir müddətə təxirə salmağı xalqa izah etməliydi. Hal-hazırda Ukraynada nüfuza malik üç eks-prezident Poroşenkoya bütün məsələlərdə dəstək verdiyi kimi bu məsələdə də dəstək verə bilərdi. Ukrayna və Ukrayna ətrafındakı proseslərin gedişinin açarı Krım məsələsindədir. RF Krım məsələsində Ukraynadan istədiyi cavabı almayanadək Ukraynanın daxilindəki vəziyyətin gərgin qalmasında maraqlı olacaq. Ona görə də P.Poroşenko və Qərbin atdığı addımlar səmərəsiz başa çatacaq. Qərbin Rusiyaya qarşı maksimum bir qış mövsümü dözümü ola bilər. Qış yaxınlaşdıqca Rusiyanın Avropanın qaz təchizatı ilə bağlı hansı addımlar atacağı bəlli deyil. Ona görə Avropa qış ərzində Rusiyaya qarşı münasibətini indiki sərt mövqedən dəyişdirməyə məcbur olacaqdır.
Ukrayna və Ukraynadakı hadisələr hərtərəfli tədqiq edilməlidir. Aİ Ukrayna ilə assosiativ müqavilənin iqtisadi hissəsini imzaladı. Ukrayna hadisələri başlamazdan qabaq Aİ bunu qətiyyətli inkar edirdi. Brüssel üçtərəfli Ukrayna-Rusiya-Aİ danışıqlarına razılıq verdi. Ukrayna hadisələrindən qabaq isə bununla qətiyyən razılaşmadı. RF AİB-in siyasi modelli deyil, yalnız iqtisadi modelli olmasına razılıq verdi. İndi təsis olunan AİB yalnız iqtisadiyyat üzərində formalaşdırılıb. Ukrayna da Gömrük İttifaqına üzvlük məsələsində yalnız bunu istəyirdi. Rusiya o vaxt razılıq vermədi. İndi isə razılaşdı. İndi razılaşdırılanlar Ukrayna hadisələrindən əvvəl razılaşdırılsaydı Ukrayna dağılmazdı".
Siyasi şərhçi bildirib ki, Avrasiya İqtisadi Birliyi Rusiyanın əlində SSRİ-ni bərpa edən alətə deyil, əksinə RF-in imperiya ambisiyalarını cilovlayan mexanizmə çevrilir: "Brüsseldə Aİ Ukrayna ilə assosiativ müqavilənin iqtisadi hissəsini imzaladılar. Gürcüstan və Moldova ilə isə Aİ assosiativ müqaviləni tam (siyasi və iqtisadi hissələri birlikdə) imzaladılar. Hər üç keçmiş sovet respublikası imzalanma mərasimindən dərhal sonra Aİ üzvlüyü ambisiyalarını ortalığa qoydular. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Ş.Füle yaxın gələcəkdə Ukraynanın Aİ üzvlüyünə namizədlik şansı barədə danışmağın tez olduğunu bildirdi. Hər üç keçmiş SSRİ respublikaları Rusiya ilə əlaqələri kəsməyəcəklərini bildirdilər. P.Poroşenko Aİ-dən kənardakı bazarları, o cümlədən MDB bazarını da itirmək niyyətinin olmadığını bildirdi. Moldova isə həm də MDB-nin Azad Ticarət Zonası müqaviləsində fəaliyyət göstərəcəyini bildirdi. Moldova ümid edir ki, separatçı Dnestryani bölgə də Moldova ilə birlikdə Aİ-lə assosiativ müqavilənin iştirakçısı olacaqdır. Sənədi imzalayan Moldovanın baş naziri P.Lenke "Aİ-lə assosiativ sazişin imzalanmasının Moldovanın neytrallıq statusunu itirməsi demək deyil" bəyanatını verdi. Gürcüstan adından müqaviləni imzalayan baş nazir İ.Qaribaşvilinin assosiativ müqaviləni imzalamaq strategiyasında əsas yerlərdən biri Abxaziya və Cənubi Osetiyanı Avropa perspektivilə şirnikləşdirməklə Gürcüstanın tərkibinə qaytarmaqdır.
Rusiya hər üç keçmiş SSRİ dövlətini Aİ-lə assosiativ müqaviləni imzalamaq ərəfəsində hədələdi, iqtisadi əlaqələrin dəyişəcəyini bildirdi. Lakin RF-in Ukrayna ilə iqtisadi əlaqələrə tətbiq etmək istədiyi sanksiyalar Avroasiya İqtisadi Birliyinin digər iki təsisçisi – Belorusiya və Qazaxıstan tərəfindən dəstəklənmədi. Bu ambisiyalı Rusiya üçün zərbədir. Belə başa düşmək olur ki, Avrasiya İqtisadi Birliyi Rusiyanın əlində SSRİ-ni bərpa etmək üçün alət deyil, əksinə RF-in imperiya ambisiyalarını cilovlayan mexanizmdir. Yaxın vaxtlarda V.Putinin Avroasiya İqtisadi Birliyini zəiflətməsi istiqamətində addımlar atması çox mümkündür. MDB məkanında çoxsaylı subregional qurumlar olub. Rusiya özü yaratdığı bu subregional qurumların hamısının fəaliyyətini, hətta MDB-nin fəaliyyətini Avroasiya İqtisadi Birliyindən ötrü məqsədyönlü şəkildə zəiflətdi. MDB-dəki subregional qurumları zəiflətmək sahəsində Rusiyanın böyük təcrübəsi var. Belə davam edərsə, Avrasiya İqtisadi Birliyi də Avroasiya İqtisadi Əməkdaşlıq Şurasının (Evrazes) vəziyyətinə düşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB