Xələf Xələfov: “Azərbaycan milli və beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizəyə xüsusi önəm verir”

Xələf Xələfov: “Azərbaycan milli və beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizəyə xüsusi önəm verir”

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Beynəlxalq anti-korrupsiya akademiyasının icraçı direktoru Martin Kreutneri qəbul edib.

XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə Xələf Xələfov Azərbaycan Respublikası hökuməti tərəfindən milli və beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizəyə xüsusi önəm verildiyini qeyd edib. O, qlobal xarakter daşıyan bu təhlükəyə qarşı beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyərək, Azərbaycan Respublikası ilə Beynəlxalq anti-korrupsiya akademiyası arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib.

Korrupsiyaya qarşı mübarizə sahəsində milli səviyyədə görülmüş tədbirlərdən danışan Xələf Xələfov ümumilikdə dövlət strukturlarının fəaliyyətində şəffaflığın təmin edildiyini, Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi – "ASAN" xidmətin yaradıldığını, vətəndaşlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırıldığını və Azərbaycan Respublikasının Baş prokurorluğu nəzdində Korrupsiyaya qarşı baş mübarizə idarəsinin təsis edildiyini diqqətə çatdırıb.

Martin Kreutner Azərbaycan Respublikasının Beynəlxalq anti-korrupsiya akademiyası ilə əməkdaşlığının yüksək qiymətləndirildiyini və Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsindəki milli təcrübəsinin təqdirəlayiq olduğunu qeyd edib.

O, Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərdən biri kimi bəyan etməsinin və bu çərçivədə bu gün Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusundakı konfransın keçirilməsinin və eləcə də ölkəmizin Beynəlxalq anti-korrupsiya akademiyasının üzv dövlətlərinin assambleyasının III sessiyasına ev sahibliyi etməsinin Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səyləri yaxından dəstəkləməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

Görüş əsnasında Azərbaycan ilə Beynəlxalq anti-korrupsiya akademiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi və Beynəlxalq anti-korrupsiya akademiyasının üzv dövlətlərinin assambleyasının III sessiyasının Bakıdakı keçirilməsi ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə