Ziyafət Əsgərov: "Beynəlxalq hüquq böyük dövlətlərə əyləncə, kiçik dövlətlərə isə məhdudiyyətdir"

Ziyafət Əsgərov: "Beynəlxalq hüquq böyük dövlətlərə əyləncə, kiçik dövlətlərə isə məhdudiyyətdir"

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov NATO Parlament Assambleyasının 86-cı "Rose-Routh" seminarından çıxardığı nəticəni parlamentdə açıqlayıb. SİA-nın xəbərinə görə, o çıxışı zamanı bildirib ki, seminarda azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam çılpaqlığı ilə xarici nümayəndələrə çatdırmaq idi.

Onun sözlərinə görə, seminarda 20-yə yaxın ölkədən 60-a yaxın nümayəndə iştirak edirdi, odur ki, tədbirdə münaqişə ilə bağlı bütün həqiqətləri səsləndirdik: "Fikrimcə, məqsədimizə müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avropa avroatlantika məkanda əhəmiyyətini vurğulamaqdan ibarət olub. Bu gün Avropa Azərbaycan üçün ne edir və ya Azərbaycan Avropa üçün nə edir. Bu məsələ də geniş şəkildə müzakirə olunub".

"Üçüncüsü, dünyada izlənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli barədə idi. Seminarda bir daha əmin olduq ki, beynəlxalq hüquq çox dərin böhrandadır. Əslində, bu gün onun qapısını döyən də yoxdur. Axı beynəlxalq hüquq kimin probleminin həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Əslinə, obyektivlik istəyən kimsə ora müraciət etmir. Ona görə də hesab edirəm ki, beynəlxalq hüquq o vəziyyətə gəlib çatıb ki, o, bir sıra dövlətlərin əlində məşğulliyət, əyləncə, kiçik dövlətlər üçün isə sadəcə məhdudiyyətdir. Yəni, böyük dövlətlər yığışırlar, şərab içirlər, özlərini məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb".

Vitse-spiker onu da qeyd edib ki, Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: "Deməli biz bu reallıqla nəzərə alıb, işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Odur ki, hamımız Prezident və dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə