Baş nazirin müavini: “Ermənistan tərəfi konstruktiv mövqeyə gəlməsə, bu addım atılacaq”

Baş nazirin müavini: “Ermənistan tərəfi konstruktiv mövqeyə gəlməsə, bu addım atılacaq”

"Son 60 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı 52 milyona çatıb. Həmin 52 milyonun 33 milyonu artıq məcburi köçkünlərdir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Əli Həsənovun sözlərinə görə, son 50-60 ildə baş verən münaqişələr nəticəsində 8 milyon insan öldürülüb: "Təbii ki, orada Dağlıq Qarabağ münaqişəsində şəhid olanlar da var. Dünyanın 80-ə yaxın ölkəsində bu münaqişənin zonaları var. Çox təəssüflər olsun ki, ilbəil bu münaqişələrin sayı artır. Əgər biz 2012-ci illə 2013-cü ili müqayisə etsək qaçqın və məcburi köçkünlərin sayı bir ildə 6 milyon artıb. Bu xoşəgəlməz proses davam edir. Ukrayna, Ərəb ölkələrində və digər ərazilərdə baş verən hadisələri buna nümunə olaraq göstərə bilərik. Son 20 ilə nəzər salsaq görərik ki, bunların heç biri öz həllini tapmayıb əksinə ilbəil bunların sayı artıb. Bu isə dünyada baş verən ədalətsizliyin nəticəsidir, eləcə də dünyanın hegemon dövlətlərinin dünyanı rahat idarə etməsi üçün yaratdıqları münaqişələrdir. Təbii ki, həmin münaqişələrin həlli üçün də heç bir ciddi addım atılmır. Bu münaqişə və bizim Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var. Təbii ki, bunu da Azərbaycan Prezidenti İlham Əliyev müəyyənləşdirib. Azərbaycan iqtisadiyyatı, ordusu güclənməli və daim öz torpaqlarımızı işğal etməyə hazır olmalıdır. Ermənistan tərəfi konstruktiv mövqeyə gəlməsə bu addım atılacaq.

Baş nazirin müavini vurğulayıb ki, Ermənistan artıq beynəlxalq ictimaiyyətdə tam biyabır olub: "Ermənistan bir dövlət kimi dünya dövlətləri arasında heç bir hörmətə layiq deyil. Əksinə onlar dünya dövlətləri arasında tam mənada nüfuzdan düşüblər. Hesab edirik ki, artıq onların havadarlarına da bu dövlət lazım deyil. Ona görə də erməni xalqı bunu nə qədər tez anlasa, o rejimdən əl çəksə bu, onların özlərinə, gələcəklərinə xeyirdir. Necə ki, bu gün Azərbaycan dövləti, xalqı inkişaf edir, ermənilər də bu inkişafdan heç olmasa özləri üçün bəhrələnə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə