Əli Həsənov: "Bizim güman yerimiz öz xalqımız və dövlətimizdir"

Əli Həsənov: "Bizim güman yerimiz öz xalqımız və dövlətimizdir"

"Xocalı soyqırımına siyasi qiymət məhz Ümumilli Lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verildi". SİA-nın məlumatına görə, bu barədə Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) adlı üç cildlik əsərin təqdimat mərasimində çıxışı zamanı deyib.

Baş nazirin müavini deyib ki, Ümummilli Lider Heydər Əliyev bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində lazımi işlər gördü və tapşırıqlar verdi. Daha sonra cənab Prezident İlham Əliyev bu işin davam etdirilməsi üçün lazımi qərarları və tapşırıqları verdi. Bundan sonra isə Heydər Əliyev Fondu da bu kampaniyaya qoşuldu. İlham Əliyevin göstərişi ilə xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatları bu işə qoşuldu.

Əli Həsənov bildirib ki, Leyla Əliyeva bu kampaniyaya qoşulandan sonra son 17 ildə xeyli işlər gördü: "Mən bunu faktlara əsaslanaraq deyirəm. Beynəlxalq aləm bu faciə ilə tanışdır. Faciə baş verərkən bir sıra beynəlxalq jurnalistlər, təşkilatlar və digər qurumlar orada olublar və bu faciə ilə yaxından tanış olublar. Rusiyanın 366-cı alayının 80-90 faizini ermənilər təşkil edib. Orada rus zabitləri və əsgərləri az olub. Həmin rus zabitlərindən biri də bu faciənin törədilməsindən təssüf etdiyini bildirib. O yazdığı hesabatda qeyd edib ki, çox təəssüf ki, bu faciədə biz rus zabitinin şərəfini ləkələməkdən qoruya bilmədik. Xocalı faciəsinin törədən əsas cinayətkarlar Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, indiki prezidenti Serj Sarkisyan, qondarma Arkadi Kukasyan və Seyran Ohanyan olub.

Baş nazirin müavini diqqətə çatdırıb ki, dünyada ədalətsizlik davam edir, ilbəil konflikt zonalarının, soyqırımıların sayı artır: "Bizim yeganə güman yerimiz öz xalqımız və dövlətimizdir. Prezident İlham Əliyev bu problemin həlli üçün lazımı işləri görür. Ermənistanın bu gün dalana dirənməsinin əsas səbəbi, məhz prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdir. Ermənistandakı mövcud rejim dəyişmədikcə, bu problem həll edilməyəcək. O rejim azərbaycanlıların qanını axıdaraq hakimiyyətə gəlib. İndi onlar bu problemin həll olunmasını istəyər?"

Bütün xəbərlər Facebook səhifəmizdə