Təhmasib Novruzov: “ABŞ müəyyən təsirini göstərmək üçün öz məqsədlərini güdür” MÜNASİBƏT
"Amerika Birləşmiş Ştatları hegemon olduğuna görə, özünü bütün məsələlərdə haqlı hesab edir və inkişaf edən dövlətlərə öz diktəsini, təsirini göstərməyə çalışır. O cümlədən, Azərbaycan sürətlə inkişaf etməkdə olan, regionda lider kimi tanınan dövlətdir və təbii ki, ABŞ müəyyən təsirini göstərmək üçün öz məqsədlərini güdür". Bu fikirləri SİA-ya açıqlamasında Azadllıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov ABŞ-ın zaman-zaman Azərbaycana və post-sovet ölkələrinə demokratiya dərsi keçmək cəhdlərinə münasibətini bildirərkən deyib.
O, qeyd edib ki, biz artıq bunu dəfələrlə müşahidə etmişik: "Əgər ABŞ həqiqətən də insan hüquqlarını qorumağa çalışırsa, onda birinci növbədə getsin Ermənistandan və Dağlıq Qarabağdan qaçqın, didərgin düşmüz bir milyondan artıq insanlarımızın, vətəndaşlarımızın hüquqlarını qorusun. Ancaq nədənsə, bir kəlmə bu barədə ifadə edilmir. Bu olmadığı halda, bir milyon insanın hüquqları tanınmadığı halda, Azərbaycanda hər hansı bir insanın qanun pozuntusuna görə həbs olunmasını onun hüquqlarının pozulması faciəsi kimi iddia etməsi, bu istiqamətdə təzyiqlər göstərməyə cəhd etməsi yolverilməzdir".
AHB sədri həmçinin qeyd etdi ki, digər tərəfdən, bu gün ABŞ-a məxsus Quantanamo həbsxanasında yüzlərlə insan məhkəmə hökmü olmadan çox ağır vəziyyətdə saxlanılır, onlara işgəncələr verilir: "Bu ölkənin özündə demək olar ki, dəfələrlə insan hüquqları pozulur. İnsanlar müxtəlif cinayətkar vasitələtlə öldürülür. Bu gün ABŞ-da təhsil müəssisələrində baş verən terror hadisələri artıq ənənə şəklini almışdır. Əgər ABŞ öz daxilindəki sabitliyi normal olaraq qoruya bilmirsə, nəyə görə demokratiya dərisni başqa ölkələrə keçməyə çalışır? Əlbəttə ki, bütün bunların hamısı ABŞ-ın Azərbaycana, eləcə də digər inkişaf etmiş dövlətlərə iradəsini tədbiq etmək məsələsi daşıyır. Ona görə də hesab edirəm ki, biz buna əhəmiyyət verməməliyik və Azərbaycan öz yolunu, həqiqət yolunu davam etdirməlidir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB