Nizami Cəfərov: “Bu mübarizə nadürüst və xarici qüvvələrə qarşı idi” MÜSAHİBƏ

“Ümummilli Lider Heydər Əliyevin apardığı mübarizə milləti və dövləti xilas etdi”
Nizami Cəfərov: “Bu mübarizə nadürüst və xarici qüvvələrə qarşı idi” MÜSAHİBƏ

Azərbaycan Milli Məclisin üzvü Nizami Cəfərovun SƏS TV-yə müsahibəsi:

- Nizami müəllim, Milli Qurtuluş Günü dövlətimizin xilası, xalqımızın taleyində dönüş anı sayıla bilər?

- Əlbəttə bu belə idi. Tarix də onu göstərdi ki, Ümummi Lider Heydər Əliyev hakimiyyətə gəlməsə və xalqın tələbi yerinə yetirilməsə idi, Azərbaycanı istər-istəməz çox böyük faciələr gözləyirdi. Əslində bu faciələrin gedişi real idi. Bildiyiniz kimi həmin vaxt artıq Gəncə hadisələri başlamışdı və dövlət heç cür idarə olunmurdu. Bununla belə ölkənin özündə çox ciddi parçalanma müşahidə olunurdu və etnik-separatçılıq ortaya çıxmışdı. Təbii ki, bunu da dünyanın müxtəlif gücləri, maraqları səviyyəsində qızışdırırdılar. Elə bir vəziyyət meydana gəlmişdi ki, bu zaman hakimiyyətə ölkəni yaxşı tanıyan, bilən, yüksək intellekti, böyük siyasi iradəsi olan və dünyanın qəbul etdiyi lider gəlməli idi ki, bu da Ümummilli Lider Heydər Əliyev idi. Ulu Öndərin hakimiyyətə gəlməsinə qədərki proseslər yəni, 1990-cı illərin əvvəllərində tez-tez hakimiyyət olurdu. Təbii ki, bu da onu göstərdi ki, Azərbaycanda Heydər Əliyevi əvəz edə biləcək ikinci bir adam yoxdur. Bildiyiniz kimi, demokat adından da, müəyyən qədər partrakat məzmunda da hakimiyyətə gələnlər oldu. Amma bütün bunların hamısı göstərdi ki, hakimiyyət çox da uzun çəkmədi. Faktiki olaraq ölkə tamamilə xaosa doğru gedirdi.

- Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən qanlı faciəyə dözə bilməyərək, Qorbaçov rejiminə qarşı kəskin bəyanatla çıxış etdi. Onun bu tarixi çıxışını Azərbaycanın siyasi həyatında yeni dövrün başlandığını bildirən ilk çağırış kimi qiymətləndirmək olarmı?

- Şübhəsiz ki, bunu demək olar. Çünki faktiki olaraq 1987-ci ildən etibarən Ulu Öndər Heydər Əliyev demək olar ki təcrid olunmuşdu. Dahi şəxsiyyət Qorbaçov rejimi tərəfindən çox ciddi təqiblərə məruz qalmışdı. Elə məhz Dağlıq Qarabağ problemi də həmin vaxtdan başladı. Təbii ki, 1990-cı il qanlı 20 Yanvar hadisəsində Ulu Öndərin Moskvada Azərbaycan nümayəndəliyinə gəlməsi, orada bəyanatla çıxış etməsi və Kommunist Partiyasını, Qorbaçovu çox ciddi şəkildə tənqid etməsi, ölkəmizdə bu qırğınlara yol verilən siyasətin tənqid olunması Ümummilli Liderin siyasi lider kimi heç də kənarda qalmadığının bir nümunəsi idi. Bununla Ulu Öndər o böyük böhranlardan və tənəzzül dövründən sonra tam parlaqlığı ilə ortaya çıxdı və göstərdi ki, bu millətin sahibi var. Bu etiraz eyni zamanda Azərbaycan xalqının dünya miqyasında olan etirazı demək idi.

- Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idimi?

- Ümumiyyətlə, 1993-cü ilin iyunun birinci yarısı bizim xalqımızın siyasi tarixində çox böyük hadisə idi. Çünki həmin günlərdə ölkənin, dövlətin taleyi saatbasaat həll olunurdu. Yəni hadisələr olduqca sürətlə baş verirdi. Heydər Əliyevin iradəsi, xalqın lideri olması bu günlərdə ən böhranlı günlər idi. Düşünürəm ki, həmin günlərin yəni Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsi və Milli Məclisin iclasında iştirak etməsi xronikası, təhlilləri ilə bir yerdə bizim tariximizin ən möhtəşəm səhifələridir. Həmin günlərdə Heydər Əliyevin apardığı mübarizə milləti və dövləti xilas etdi. Bu mübarizə həm daxildəki nadürüst, həm də xarici qüvvələrə qarşı idi.

- Ulu Öndər hakimiyyətə qayıdandan cəmi bir il sonra "Əsrin Müqaviləsi"nin imzalanmasına nail oldu. Bu müqavilə ölkəmizin tarixində yeni dövrün əsasını, dinamik inkişafın təməlini qoydu deyə bilərikmi?

- Qurtuluş əslində Heydər Əliyev və Azərbaycan xalqı üçün bir-iki günün hadisəsi deyildi. Bu, gələcək böyük inkişafın başlanğıcı demək idi. Biz ona görə 15 iyuna Milli Qurtuluş Günü deyirik. Heydər Əliyevə isə ona görə Ümummilli Lider deyirik ki, onun mübarizəsi bir sıra liderlər kimi bir-iki ilin hadisəsi olmadı. Bu cür böyük şəxsiyyətlər hətta özlərindən sonra da o liderliyi saxlayırlar. "Əsrin Müqaviləsi" Azərbaycanın artıq iqtisadi baxımından xilas olduğunu göstərən elə bir böyük cəhd idi ki, hətta bu gün də fikirləşirik ki, o müqavilə olmasa idi, bizim axırımız necə ola bilərdi? Bu gün Neft-qaz kontraktları, görülən işlər, Azərbaycanın dünya miqyasına çıxması, ölkəmizin Avropa məkanının üzvü olması və s. "Əsrin Müqaviləsi" ilə qoyulub. Əgər Heydər Əliyev olmasa idi, təbii ki, Azərbaycanda heç kim belə bir müqavilənin imzalanmasına cəsarət edə bilməzdi.

- Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Dahi Öndər Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir. Bu mənada demək olarmı Heydər Əliyevin qoyduğu siyasət bu gün uğurla davam etdirilir?

- Dünyada baş verən hadisələr, iqtisadi proseslər, ölkənin qurtuluşu, dirçəlişi, inkişafı və beynəlxalq ailənin normal üzvü olmaq üçün siyasətin davamı vacibdir. Cənab Prezident İlham Əliyevin çox gözəl bir fikri var: "Bizim siyasətimiz, bizim işimizdir". Azərbaycan Heydər Əliyevin liderliyi ilə öz siyasətini elə müəyyənləşdirdi ki, yəni iş görmək lazımdır. Burada əvvəlki dövrlərdə olduğu kimi, xeyli sayda söz deyib, ona əməl etməmək mühüm rol oynamır. Baxın, bu gün Azərbaycanda iqtisadi sahədə xeyli işlər görülür. Təbii ki, bütün bunların hamısı "Əsrin Müqaviləsi"ndən irəli gələn məsələlərdir. Bu gün cənab Prezident həqiqətən böyük iradə nümayiş etdirdi. O, varisliyi yalnız qoruyub saxlamadı. Ölkə başçısı bunu inkişaf etdirdi. Məhz buna görə də bu gün Azərbaycan dünyanın sayılıb-seçilən ölkəsidir. Ümummilli Lider Heydər Əliyev kimi, cənab Prezident İlham Əliyevin fəaliyyətində də yalnız dövlət quruculuğu prosesi deyil, millət quruculuğu prosesi də gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə